"Daşnaksütyun" üzvlərinin evlərində axtarışlar başlayıb - Siyasilər didişir, cəmiyyət çaş-baş qalıb
Ermənistanın siyasi elitasında çəkişmələr daha da güclənib. Bir-birilərini xəyanətdə və satqınlıqda ittiham edən eks-prezident Robert Köçəryanla hökumət rəhbəri Nikol Paşinyan arasındakı növbəti məhkəmə prosesi başa çatıb.
Köçəryanın Paşinyana qarşı iddiası rədd edilib.
Məhkəmə Paşinyanın 2021-ci il martın 1-də İrəvanda Respublika meydanındakı çıxışının siyasi olduğunu və təqsirsizlik prezumpsiyası prinsiplərini pozmadığına dair qərar verib.
Qeyd edək ki, 2021-ci il aprelin 7-də Robert Köçəryan baş nazir Nikol Paşinyana qarşı iddia qaldırıb. İddiaya səbəb Baş nazirin 1 mart 2021-ci il mitinqində verdiyi açıqlamalar olub. O açıqlamalarında “2008-ci ilin martında öz xalqına qarşı ordunu irəli verənlər indi bunu yenidən etməyə çalışırlar”, deyə fikir bildirmişdi.
Bundan başqa, Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları "Daşnaksütyun" partiyasının nümayəndələrinin evlərində axtarış aparıblar. Bu barədə yerli mətbuata deputat Kristine Vardanyan məlumat verib. O baş verənləri “hökumətin siyasi məqsədlər üçün atılan qanunsuz addımları adlandırıb” və qeyd edib ki, saxlanılanlar barədə məlumat yoxdur.
"Daşnaksütyun"un fəalı Gerasim Vardanyanın vəkili Benik Qalstyan müvəkkilinin hansı səbəbdən saxlanılması barədə məlumat verilmədiyini bildirib.
Gerasim Vardanyan həm də, 2020-ci il noyabrın 10-na keçən gecə bir qrup erməninin hökumət və parlament binasına soxularaq, Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasına etiraz etdiyi hadisələr zamanı kütləvi iğtişaşların təşkilində də ittiham olunur.