Daxili İşlər naziri Vilayət Eyvazov sıra baxışı keçirib
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında vakant olan post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.
Kütləvi informasiya vasitələrində, o cümlədən Nazirliyin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş iddiaçılardan daha hazırlıqlı olan 240 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Gənclər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edib.
General-polkovnik Vilayət Eyvazov gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq öz tövsiyələrini verib.