Daxili Qoşunlar xüsusi karantin rejiminin gücləndirilməsi tədbirlərinə cəlb olundu

Bakı və Sumqayıtda xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının qüvvələri cəlb edilib.

 

APA TV-nin verdiyi məlumata görə, bu addım xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində atılıb.

 

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, xüsusi karantin rejimi dövründə müəyyən edilmiş əhəmiyyətli satış məntəqələri xaricində qalan bütün mağaza və restoranların fəaliyyəti tamamilə dayandırılıb: “Burada məqsəd xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri, əhali arasında polisin maarifləndirici funksiyasını genişləndirmək, eyni zamanda paytaxt ərazisində - küçə, prospekt, park, xiyaban, əhalinin toplaşa biləcəyi xüsusi naryad yerlərində nəzarətin gücləndirilməsidir”.

 

Mətbuat katibi deyib ki, hərbi qulluqçuların və polisin xüsusi karantin rejimində əsas vəzifəsi əhalini koronavirus infeksiyasına qarşı fəal mübarizəyə istiqamətləndirmək, qadağa və tövsiyələrə əməl etməyi tələb etməkdir. Onun sözlərinə görə, karantin rejimi tətbiq edilən vaxtdan indiyə qədər Nazirlər Kabinetinin qərarına əsasən reydlər mütəmadi olaraq keçirilir və polis avtomobillərindən yayılan səs vasitəsilə vətəndaşlara evdə qalmaları tövsiyə olunur: “Dünənin statistikasına görə, təkcə fiziki şəxslərə 428 inzibati xəta haqqında protokol tərtib olunub. Bundan başqa, 98 ictimai iaşə obyektinin sahibi inzibati məsuliyyətə cəlb olunub ki, onlar da xüsusi karantin rejim qaydalarının normalarına etinasız yanaşıblar”.

 

Bakı və Sumqayıtda həyata keçirilən bu tədbirlər koronavirus infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşların təhlükəsizliyini təmin etmək, məhdudlaşdırma tədbirlərini tam və hərtərəfli yerinə yetirmək, onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədi daşıyır.

 

Səfər Əlizadə

Üzeyir Ağayev

Müəllif | Apa.Tv
Apa.tv