Daxili Qoşunların xüsusi təyinatlı kapitanı - REPORTAJ

Vətən uğrunda 44 günlük müharibədə şəhid əsgər və zabitlərimiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının şəhid kapitanı olan Türkay Hüseynli kimi. Xüsusi Təyinatlıların qrup komandiri olan Türkay 1990-cı il noyabrın 25-də Bakı şəhərində anadan olub.

 

Türkayın doğumundan şəhadətə qədərki 30 illik həyat hekayəsini şəhidimizin atası Nizami Göyçəvi danışır: “274 saylı məktəbi bitirib. 2009-cu ilin payızında hərbi xidmətə yollanıb. Naxçıvan MR Daxili Qoşunlarında hərbi xidmət keçib. İlyarım xidmətdən sonra hərbidə qalmaq qərarına gəldi. Biz də alqışladıq və çavuş kimi xidmətə başladı”.

 

Bir aydan sonra Bakıya gəlib ailəsi ilə görüşən Türkay Türkiyə Xüsusi Təyinatlılarının xüsusi təlim məşqinə qatılacağını deyir. 2010-cu ilin payızında Ankarada Jandarma Mərkəzində 10 ay təlim keçir və buradan diplomla Naxçıvana gizir kimi qayıdır. Altı ay sonra isə Qubaya xidmətə göndərilir. Qubada iki illik xidmət və təhsildən sonra leytenant rütbəsi alan Türkay Hüseynli 2018-ci ildən Sumqayıta ezam olunur: “Sumqayıtda qrup komandiri kimi təlim-məşq keçməyə başlamışdı. 2019-cu ildə təkrarən Türkiyəyə göndərildi. Bu dəfə isə İzmirdə təlim-məşq toplantısına qatıldı. Qayıtdıqdan sonra vaxtından əvvəl kapitan rütbəsi verildi”.

 

Vətən Müharibəsinə Horadiz uğrunda döyüşlərdən başlayıb şəhid kapitan və oktyabrın 3-nə kimi döyüşlərdə iştirak edib. Ailə üzvləri Türkayın müharibəyə qatıldığını bilsələr də, anası Şəkər xanıma deməyiblər. Anası ilə danışanda “təlimlərdəyəm, ona görə sənə gec-gec zəng edirəm” deyib: “Gəlib görüşdük sentyabrın 25-də sonuncu dəfə. Müharibə ilə bağlı bir kəlmə belə söhbət açmadı. Xeyli söhbət elədik. Ayrılanda dedi ki, ana, mənə xeyir-dua ver. Uşaqlıqdan maşın arzusunda olub, elə bildim, maşın almağa gedir. Dedim, oğul, maşın aldın sən? Dedi, yox, ana, mənə haqqını halal elə. Elə bildim dünyam qaraldı, öldüm onda. Əlimi çiynimə qoyub dedi ki, hər şey yaxşı olacaq. Narahat qaldım. 3-4 gün arda-arda zəng elədim, mənə dedi ki, Sumqayıtdayam, hələ getməmişəm. Şəhid olduğu günə kimi onun Sumqayıtda olduğunu bildim”.

 

Döyüşçü yoldaşları deyir ki, Türkay heç vaxt özünü qrup komandiri kimi aparmayıb. Nə müharibədən əvvəl, nə müharibə zamanı əsgərlərindən bir addım belə ayrı qalmayıb.

 

Baş cavuş Musa Qədirov Türkay Hüseynli ilə birgə Qubada xidmət edib, Vətən Müharibəsinin iştirakçısıdır: “Elə bir komandir idi ki, onu ifadə etmək çətindir. Şəxsi heyətinin önündə gedərdi. O, komandir olmağı ilə bərabər, həm də qardaş idi. Baxmayaraq ki, komandir idi, heç kimə deməzdi əmr edirəm, xahiş edərdi. “Mümkünsə, bunu elə” deyə müraciət edərdi.

 

Rasim Hacıyev Vətən Müharibəsində Türkyay Hüseynli ilə birgə döyüş yolu keçib. Müharibədə ağır yaralanıb və düşmənin açdığı atəş nəticəsində eşitmə qabiliyyətini qismət itirib: “Çox bacarıqlı zabit idi. Hər bir problemimizə, dərdimizə şərik olmağa çalışıb. Gücü çatan köməkliyini əsirgəməyən dost idi. Döyüşlərə eyni gündə eyni istiqamətdən qatıldıq. “Sızma əməliyyatı” keçirdik. Komandir 4 nəfərlik heyətlə hücum əməliyyatı yerinə yetirirdi.  Bu heyətlə Türkay düşmənin 18 nəfərlik heyətini məhv etdi. Bu döyüşlərdə düşmənin açdığı snayper atəşindən yaralandı. Təxliyə olunanda komandirin vəziyyəti artıq ağırlaşmışdı. Yaralı olduğu halda, “siz narahat olmayın, dayanmayın və irəli gedin” deyirdi bizə. Boğazından və ürəyindən nişan almışdılar”.

 

Kamal Məmmədli artıq qazidir. Vətən Müharibəsində ciddi qəlpə yaraları alıb. Kapitan Hüseynli ilə birgə döyüş yolu keçib: “Tapşırıqlarını verdi ki, diqqətli olun. “Düşmənin ölüsünə belə arxayın olmayın” dedi və getdi. Səhər saat 8 olardı, biz Türkayın komandasına qoşulduq. Döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv etdik. Birinci səddi yardıq, düşmən arxaya çəkildi. Onlar ölülərini, yaralılarını belə atıb qaçırdılar. İkinci səddin alınması üçün oktyabrın 2-də hücuma keçdik. Hücum zamanı mən yaralandım. Təxliyədə arxamca gələn döyüşçü yoldaşlarım da yaralandı. Türkay düşmənə atəş aça-aça bir gözü də məndə idi. Əlimlə işarə etdim ki, komandir yaxşıyam. Cibində gəzdirdiyi ağrıkəsicini mənə göndərdi”.

 

Tahir Babayev Xüsusi Təyinatlı qəhrəmanlarımızdandır. Döyüşlərdə yaralıları təxliyə edib, feldşer kimi xidmət keçib. Kapitan Türkay Hüseynlini səngərdən yaralı halda çıxarıb: “Çox çətinliklə təxliyə elədik Türkayı. Düşmən yaralıları çıxarmağa imkan vermirdi. Minomyot, snayper atəşləri yağış kimi yağırdı. Son ana qədər silahını əlindən yerə qoymadı, son sözü isə “narahat olmayın, sizi qoruyacam” oldu”.

 

Ailənin sonbeşik oğul övladı olan Türkay Hüseynli oktyabrın 3-də Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub və Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində dəfn olunub. Ölümündən sonra III dərəcəli "Qüsursuz xidmətə görə", "Vətən uğrunda" medalları və III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

 

Sevinc Vaqifqızı

Üzeyir Ağayev

 

Müəllif | Apa.Tv
Apa.tv