Daxili qoşunların yaranmasından 28 il ötür
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 28 il ötür.
Martın 12-də Daxili Qoşunların Baş İdarəsində əlamətdar hadisə-növbəti ildönümə həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda, xidməti borclarını yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş hərbi qulluqçuların və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və bugünü barədə geniş məruzə ilə çıxış edib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev Daxili Qoşunların yaranmasının 28-ci ildönümü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Zati-alilərinin səmimi təbriklərini, ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb.
Sonra çıxış edən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Milli Lider Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyi sisteminin əsas struktur qurumlarından olan Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini məmnunluqla xatırladıb.
Sonra əlamətdar gün münasibətilə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə Daxili İşlər Nazirinin və nazir müavini-Daxili Qoşunların komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra mükafatlar sahiblərinə təqdim edilib.
Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevə müraciət qəbul olunub.