Dəhşət dolu xatirələr: Azalmayan 31 illik ağrı
İnsanlığın ən dəhşətli səhifələrindən olan Xocalı soyqırımından sağ çıxanların ağlına da gəlməzdi ki, 31 il əvvəl yaşadıqları dəhşətin ağrı-acı xatirələrini nə vaxtsa özləri ilə götürüb amansız ölümdən xilas olduqları yerlərə gələcəklər. 1992-ci ilin fevral ayının 26-da ermənilər tərəfindən törədilən Xocalı soyqırımının canlı şahidləri həmin qanlı gecədə yaşadıqlarını APA TV-nin ekranından bütün dünyaya danışırlar. Soyqırımı şahidləri deyir ki, ermənilər tərəfindən Xocalı şəhərinin başına gətirilən müsibətləri tarix heç vaxt unutmayacaq. 1992-ci ilin fevral ayının 26-da erməni quldurlarının törətdiyi vəhşiliklərdən Ağdamın Şelli kəndinə sığınmaqla qurtulan sakinlər, həmin gün silahsız və günahsız insanların başına gətirilən dəhşətləri törədən cinayətkarları heç vaxt bağışlamaq mümkün deyil... Faciə günü doğmalarını itirən xocalıların əksəriyyəti 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdəki qəbirstanlıqları ziyarət edir, 31 il əvvəl burada dəfn olunmuş əzizlərinin məzarını tapıb, xatirələrini əbədiləşdirməyə çalışırlar. Amma bundan sonra bir ömür gözləri yolda qalanlar da var. Yolu Ağdama düşən xocalılar Şelli kəndindəki Qaraqayanın ətəklərini, Uzun dərə qəbirstanlığını və Ağdam Şəhidlər xiyabanını ziyarət edir, burada dəfn olunmuş yaxınlarının məzarı üstündə onların ruhuna dualar oxuyublar.