Dələduz "jurnalistlər" ələ keçdi - DƏSTƏNİN QADIN ÜZVÜ DƏ VAR
Qazaxda jurnalist adı ilə dələduzluq edən şəxslər saxlanıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, onlar “Çağdaş Təhsil” jurnalında məqalə və şəkil dərc etdirəcəklərini vəd edərək vətəndaşlardan müxtəlif məbləğlərdə pul alıb.
Saxlanılan 4 nəfər - Sabirabad rayon sakinləri - 27 yaşlı Pərviz və 28 yaşlı Davud Fərəcovlar, Hacıqabul rayon sakini, 39 yaşlı Samirə Talıbova və Tərtər rayon sakini 28 yaşlı Kənan Hümbətovun fəaliyyətinə jurnal rəhbərliyi tərəfindən bir müddət əvvəl xitam verilib. Onlar isə bu dəfə özlərini “Ziyalılar” beynəlxalq ictimai-siyasi qəzetinin əməkdaşları kimi təqdim edib.
Qazax RPŞ-nin təhqiqat bölməsinin rəisi Fərid Rüstəmov deyib ki, həmin şəxslər müxtəlif kəndlərdə 54 nəfəri aldadaraq onlardan 50, 70, 80 manat məbləğində pul alaraq övladlarının şəkillərini qəzetdə dərc edəcəklərini deyiblər.
Dəstəyə rəhbərlik edən Kənan Hümbətov bu işlə planlı şəkildə məşğul olduqlarını və müəyyən məbləğdə pul qazandıqlarını etiraf edib. Əsas hədəf kimi təhsil müəssisələri seçilib və Qazaxla yanaşı digər bölgələrdə də oxşar yolla qazanc əldə olunub: “Mətbəə xərci 50 manat təşkil edir. İstəyən valideyn onu əvvəlcədən tam şəkildə ödəyirdi, kimin də imkanı çatmasa yarısını ödəniş edirdi. Jurnal gələndə də geri qalan hissəsini ödəyirdi”.
Dəstə üzvlərinin üzərindən və kirayə yaşadıqları mənzildən müxtəlif şəxslərlə bağlanmış müqavilə, tərcümeyi-hal, eləcə də özlərinə aid jurnalist vəsiqələri aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam edir.
Bu şəxslərin əməlindən zərərçəkən varsa, polisə müraciət edə bilər.