“Delta” ştammı müxtəlif yaşlarda özünü necə göstərir?

Britaniyanın Oksford Universitetinin alimləri fərqli yaş qruplarından olan insanlarda koronavirusun "Delta" ştammının hansı əlamətlərlə müşahidə olunduğunu araşdıraraq belə nəticəyə gəliblər ki, virus müxtəlif yaşda insanlarda fərqli əlamətlərlə özünü büruzə verir.

 

APA TV xəbər verir ki, uşaq və yeniyetmələrdə "Delta" daha çox yüksək temperatura səbəb olsa da,  yaşlılarda daha çox nəfəs darlığı ilə özünü göstərir.

 

Gənclərdə isə bu ştamm daha çox boğaz ağrısı ilə müşayiət olunur və dad, qoxu hissinin itirilməsi ilə nəticələnir.

 

Ölkəmizdə də yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın aparıldığı dövrdə yoluxma sayı get-gedə artmaqda davam edir. Həkim-infeksionist Sədrəddin Atakişizadə deyir ki, “Delta ştamı” bütün yaş qruplarında əsasən tənəffüs yollarının zədələnməsi kimi kliniki əlamətlərlə özünü büruzə verir. Əsasən burun, göz axıntıları, göz qızartısı, boğaz ağrısı müşahidə edilir. Həmin əlaməti olanlar onu soyuqdəymə ilə qarışdırır və koronavirusa yoluxduqlarını düşünmürlər. Nəticədə digər insanlarla kontaktı davam etdirir və onları da yoluxdururlar: “Ölkəmizdə, eləcədə qonşu ölkələrdə aparılan müşahidələr zamanı məlum olub ki, bu günə kimi, koronavirusun bütün növlərində uşaqlar arasında ciddi fəsadlar müşahidə edilməyib. Uzun müddətli yüksək temperatur özünü göstərmir. Yuxarı və aşağı ətrafların kəskin pnevmaniyasını törətmir. Ona görə də uşaqlar arasında ölüm halı sıfıra bərabərdir”.

 

Orta və yaşlı adamlarda, xüsusilə də yanaşı xəstəliyi olan insanlarda bu xəstəliyin özünü daha kəskin büruzə verdiyini deyən həkim deyir ki, el arasında “buzlu şüşə” mənzərəsi - yəni kəskin pnevmaniya elə məhz ikinci kateqoriyaya aid insanlar arasında müşahidə edilir: “Bu əlamətlər isə həmin xəstələrdə boğulmaya, tənginəfəsliyə gətirib çıxarır. Delta ştamında daha çox yüksək hərarət, mədə-bağırsaq pozulması, ishal, diareya müşahidə edilir. Daha sonra tənəffüs yollarında zədələnmə halları baş verir. Əgər bu əlamətlər baş verərsə və ev şəraitində müalicəyə tabe olmazsa, qızdırma 38 dərəcədən düşməzsə o zaman belə xəstələr mütləq təcili tibbi yardıma müraciət etsinlər. Yanaşı xəstəliyi olan şəxslər isə mütləq xəstəxana şəraitində müalicə olunmalıdırlar”.

 

Həkim qeyd edir ki, "Delta" ştammı cəmiyyətimizdəki boşluqlardan istifadə edərək daha sürətlə yayıla bilər. Onun sözlərinə görə, bunun qarşısını almaq sosial və fərdi gigiyena qaydalarına əməl etmək, ara məsafəsi saxlamaq və maska istifadəsi vacibdir. İnfeksionist əlavə edir ki, qaydalara əməl edilərsə, vaksinasiyada aktiv iştirak olarsa, karantin qaydalarının sərtləşməsinə ehtiyac qalmayacaq.

 

İlahə Vəliyeva

APA TV

Müəllif | Apa.Tv
Apa.tv