Dəmir yolu üzərində tikilən iki tunel istifadəyə verildi
“Abşeron dairəvi dəmir yolu xətti üzərində vətəndaşların təhlükəsizliyini təmin etmək üçün hasarlama işləri aparılır”.
APA TV-nin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Zaman Novruzov deyib.
O bildirib ki, hasarlama işlərinin gecikdirilmədən aparılmasını təmin etmək məqsədilə alt və üst keçidlər vətəndaşların istifadəsinə verilib: “Bu dairəvi dəmir yolunun xətti boyunca 25 yerdə yeraltı və yerüstü piyada keçidləri quraşdırılıb. Təhlükəsizliyi təmin etmək üçün 190 min kvadrat metr metal, 20 min paqon-metr daş hasarlar hörülmüşdür”.
Bu gün açılışı olan iki tunel barəsində danışan sədr müavini qeyd edib ki, uzun müddətdir tikintisi gedən tunellərdən biri Bakıxanov və Sabunçu qəsəbələri arasında, digəri isə Keşlə qəsəbəsində yerləşir: “Tunelin ümumi uzunluğu 388, qapalı hissəsinin uzunluğu 68, hündürlüyü 5.5, eni isə 13.5 metrdir”.
Tuneldə piyadaların hərəkəti üçün 1.5 metr enində səki, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Burada 3 nasos, 100 kilovatlıq transformator və generator quraşdırılıb.
Keşlə qəsəbəsində yerləşən tunelin ümumi uzunluğu isə 208, qapalı hissəsinin uzunluğu 48, hündürlüyü 5.25, eni 14 metrdir.
Qeyd edək ki, tunellərin tikintisinə ötən ilin may ayında başlanılıb.
Səfər Əlizadə
Faiq Həsənov
APA TV