Deputat: “Bizim futbolda yuxarı liqalara komanda çıxmır, uduzan da, udan da yerində sayır"

“Təklif edirəm ki, dərhal respublikanın bütün yerlərində regional şöbə və komissiyalar yaradılsın, qazilərə vəsiqələr yerindəcə verilsin”.

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, bununla bağlı işlər sürətlənməlidir: “İkincisi isə Azərbaycanda futbolla bağlı məsələdə ciddi problemlər var. Deyirlər ki, Azərbaycan çempionatı keçirildi. Bu, elə Bakı çempionatı olub. Bunların çoxunu da SOCAR maliyyələşdirir. Hanı bizim böyük şirkətlərimiz? Yuxarı liqalara bir komanda belə çıxmır. Uduzan da, udan da yerində sayır. Yuxarı liqa, aşağı liqa məsələsi bizim futbolda yoxdur. Azərbaycan futbolunu məhv etməyin, uşaq futbolunu məhv etməyin. Artıq həyəcan təbili çalmaq lazımdır”.

 

Deputat Fazil Mustafa isə idman zallarının açılmamasından gileylənib: “Bu gün ölkədə idman zallarının açılması məsələsini ən ali tribunadan qaldırırıq. Dəfələrlə də bu məsələni qaldırmışıq, amma reaksiya verən yoxdur. Bu yerlərdə çalışan əhali dolana bilmir. Artıq əhali arasında yoxsullaşma gedir. Reaksiya versinlər. Biz məsələni burada qaldırırıq, burada da qalır”.

 

Spiker Sahibə Qafarova isə Fazil Mustafaya cavabında bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələyə münasibət bildirir: "İdman zallarının açılmamasının səbəbi pandemiyadır".

 

Müəllif | Apa.Tv
Apa.tv