Deputat: “Dövlət başçısı əhalinin sosial rifahına xüsusi diqqət ayırır, önləyici addımlar atır”

“Prezident İlham Əliyevin 16 oktyabrda imzaladığı  “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı çox böyük sosial tədbirlərdən biridir. Bu sərəncam bir də onu göstərdi ki, vətəndaşlarımızın sosial rifahı dövlət siyasətinin əsas istiqamətidir”.

 

APA TV xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

O bildirib ki, bu istiqamətdə son illərdə çox saylı mühüm addımlar atılıb: “Xüsusilə də 2020-ci ildə sosial rifah məsələləri dövlətimiz üçün xüsusi məna və əhəmiyyət kəsb edib. Bu baxımdan sahibkarlıq subyektlərinə dəstək, işsizlərə maliyyə yardımları hamısı bu il ərzində də həyata keçirilib. Bütövlükdə iqtisadi baxımdan pandemiya dövründə 2.05 milyard manatlıq xərclər çəkilib. Bütün bunlar onu göstərir ki, əhalinin sosial rifahı və onun sağlamlığı dövlət üçün prioritet məsələdir”.

 

Deputat deyib ki, cənab prezident sərəncamda qeyd edir ki, artıq 2021-ci ildən Azərbaycanda postpandemiya dövrünün yaranması ilə bağlı proseslər getməkdədir ki, dünyada da bu proseslər gedir: “Dünyada iqtisadi fəallıq təmin edilməkdədir. Bu iqtisadi fəallıq nəticəsində başqa bir çətinliklər də ortaya çıxır. Məsələ ondadır ki, bir yandan iqtisadi fəallıq artır, bunun qarşılığında tələbat artır, ancaq həmin  pandemiya dövründə dayanmış müəssisələrinin işə salınması prosesi tempi aşağıdır. Nəticədə isə bu dünya bazarında qiymətlərin artmasına səbəb olur. Təbii ki, bu da bizim bazarda qiymətlərin artmasını şərtləndirir ki, bu da insanların sosial rifahına mənfi təsir göstərir. Bu problemin həlli məqsədi ilə cənab prezidentin imzaladığı sərəncamda vurğulanır ki, 2023-cü ilin büdcəsində təqaüdlərin, müavinətlərin, pensiyaların artırılması məsələsi öz əksini tapsın”.

 

Elman Nəsirov qeyd edib ki, bütün bunlar bir daha onu göstərir ki, ölkə prezidenti ilham Əliyev hər zaman olduğu kimi, indi də postpandemiya dövrünün yeni reallıqların fonunda da əhalinin sosial rifahına xüsusi diqqət ayırır, qayğı göstərir və önləyici addımlar atır.

Müəllif | Apa.Tv
Apa.tv