Deputat Nizami Səfərov: “Ermənistanın KTMT-də üzvlüyü dayandırılmalıdır”
“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əks-hücum əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün bərpasına və suverenliyinin təmin edilməsinə yönəlib”.
APA TV-nin xəbərinə görə, bunu bu gün Milli Məclisdə keçirilən brifinqdə parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov deyib.
O bildirib ki, bu əks-hücum beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir: “Azərbaycanın fəaliyyəti BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə əsaslanır. BMT Baş Assambleyası, müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi bir çox qərar və qətnamələrdə qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Milli Məclis Sədri Sahibə Qafarovanın Rusiyada yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşdə də bu mövqe bəyan edilib”.
Komitə üzvü qeyd edib ki, Azərbaycan Cenevrə Konvensiyasının tələblərinə riayət edərək, Azərbaycan əks-hücum əməliyyatı zamanı mülki obyektlərin və mülki vətəndaşlarını hədəf seçmir. Ermənistan isə mülki vətəndaşları, o cümlədən cəbhə xəttindən uzaqda yerləşən Gəncəni, Bərdəni, böyük su anbarının yerləşdiyi Mingəçeviri hədəf seçir. Bütün bunlarla yanaşı, Ermənistan qadağan olunmuş silahlardan və kaset bombalarından istifadə edir.
Nizami Səfərov onu da vurğulayıb ki, BMT 1994-cü ildə əcnəbi muzdlu döyüşçülərdən istifadəyə qadağanı nəzərdə tutan Konvensiya qəbul edib və Azərbaycan 1997-ci ildə bu Konvensiyaya qoşulub. Ermənistan isə işğal edilmiş ərazilərdə Suriya və Livandan köçürülmüş insanları yerləşdirir. Azərbaycanın müşahidə peykləri də bunu qeydə alıb: “Azərbaycan işğal olunmuş ərazisində əks-hücum əməliyyatı aparır və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinə əsasən, təşkilatın müdaxiləsi üçün heç bir əsas yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinin 20-ci maddəsində üzv dövlətlərin Əsasnamənin tələblərini yerinə yetirmədiyi halda, üzvlükdən xaric edilməsi halları əksini tapıb. Burada söhbət BMT Nizamnaməsinin əsas tələblərinin pozulması, işğala yol verməkdən gedir. Hazırkı halda Ermənistan beynəlxalq hüquq normalarını pozub, ərazilərimizi işğal edib, Azərbaycan ərazisində hərbi, insanlıq əleyhinə cinayətlər törədib, Xocalı soyqırımı həyata keçirib. Ona görə də bütün bunlar Ermənistanın təşkilatda üzvlüyünün dayandırılmasını aktuallaşdırır”.
Nizami Səfərov onu da bildirib ki, BMT Təhlükəsizlik Şurası Haaqa Məhkəməsinə müraciət etsə, Ermənistanın hərbi cinayətləri araşdırıla bilər. Azərbaycan bunun üçün bütün hüquqi imkanlara malikdir. İnsanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi bu gün beynəlxalq səviyyədə qarşıda duran əsas vəzifədir.
İlahə Vəliyeva
Faiq Həsənov
APA TV