Deputat: “Qazilərə sənədlərin verilməsi mexanizmi asanlaşdırılmalıdır”
“Vətən müharibəsində iştirak edən qazilərimiz bilməlidir ki, dövlət onların qayğısına qalır".
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nigar Arpadarai deyib.
Deputat bildirib ki, qazilər üçün lazım olan sənədlərin alınması mexanizmini asanlaşdırmaq lazımdır: “Həmin o yaralılar, qazilər sənəd almaq üçün dəfələrlə gedib-gəlməli deyillər. ASAN Xidmət kimi bir mexanizm qurula bilər. Bizim kifayət qədər könüllülərimiz var. Bu sənədləri könüllülər vasitəsilə də qazilərin evlərinə göndərmək olar”.
Deputat Əli Məsimli isə qəzalı vəziyyətdə yaşayan şəhid ailələrinin məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sürətli fəaliyyətin həyata keçirilməli olduğunu bildirib: “Bunun təmin edilməsi istiqamətində də addımların atılması vacibdir”.
Deputat bildirib ki, müharibədə yaralanan qazilərin müalicəsində bürokratik əngəllərin, formalizmlərin aradan qaldırılmasına ehtiyac var.