Deputat siqaret reklamı ilə bağlı Baş prokurora müraciət etdi

“Qanunvericilikdə parlamentdəki azlıqlarla bağlı məsələ əksini tapmalıdır”.

 

APA TV-nin xəbərinə görə, bunu bu gün Milli Məclisin plenar iclasında yaz sessiyasının qanunvericilik işlər planı ilə bağlı müzakirədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.

 

Onun sözlərinə görə, bunun üçün Milli Məclisin Daxili Nizamnaməsində, “Deputat statusu haqqında” və digər qanunlarda müvafiq dəyişiklik olmalıdır. Bəzi komitələrin birləşdirilməsi də mümkündür: “Təklif edirəm ki, işğal olunmuş ərazilərin hüquqi statusu ilə bağlı qanunu artıq qəbul edək. Bizimlə eyni taleyi yaşayan ölkələrdə bu qanun artıq qəbul edilib”.

 

Qüdrət Həsənquliyev bildirib ki, qanunvericilikdə siqaretin reklamı qadağan edilsə də, buna bir çox halda riayət olunmur. Millət vəkili qanunvericiliyin tələblərinə riayət edilməsi üçün Baş Prokuror Zakir Qaralova müraciət edib.

 

Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva isə çıxışında Təhsil kreditlərinin vacibliyindən danışıb: “Kənd yerlərində yaşayanların övladları üçün təhsil kreditləri olduqca vacib məsələdir. Müvafiq dövlət qurumu ilə müzakirələr aparılaraq bu layihənin gündəmə gəlməsinə çalışmaq lazımdır”.

 

Deputat Sahib Alıyev isə bildirib ki, “İnformasiya haqqında”, sosial şəbəkələrlə bağlı qanun layihələri də qanunvericilik işlər planına daxil edilməlidir.

 

Seçki Məcəlləsinə yenidən baxılmasının vacibliyindən danışan Məlahət İbrahimqızı isə hesab edir ki, 9 fevral seçkilərində bir sıra namizədlər bütün qanunları pozaraq, hər yerdə videoçəkilişlər etmək istəyiblər. Seçki günü namizədin heç bir hüquqi olmur. Amma seçkilərdə monoloq söyləyən, seçki qutusunun üstündə oturan namizədlər də mövcud idi. Bu isə yolverilməzdir.

 

İlahə Vəliyeva

Əli Ələkbər

APA TV 

 

 

Müəllif | Apa.Tv
Apa.tv