Deputat Soltan Məmmədov: “Azərbaycan dost və düşmən ölkələri unutmayacaq”

“Ermənistanın mülki əhaliyə qarşı bu cür terror addımları bizim üçün yenilik deyil. Münaqişənin ilk günündən ermənilər ordumuzdan savayı mülki əhalini də hədəf götürüblər”. Bunu APA TV-yə müsahibəsində Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

 

Onun sözlərinə görə, 1949-cu il Cenevrə Konvensiyasında məhz mülki əhalinin qorunması haqqında ölkələrin öz üzərinə götürdüyü öhdəliklər əksini tapır. Ermənistan bu və ya digər konvensiyalara məhəl qoymur, öz ərazisindən, həmçinin Azərbaycanın işğal etdiyi ərazilərindən mülki əhalini hədəf götürərək onlara qarşı soyqırımı həyata keçirirlər: “Lakin əfsuslar olsun ki, Birləşmiş Millətlər Təşkilatının, digər beynəlxalq təşkilatların bütün dünya ictimaiyyətinə səsləndirdiyi mesajlara baxmayaraq, Ermənistan yenə də işğal etdiyi ərazilərdə təkcə bizim ordumuzla deyil, təəssüf ki, dinc əhali ilə də müharibə aparır. Mən əminəm ki, bizim ordumuzun qətiyyətli addımları, ermənilərə qarşı apardığı siyasət, əlbəttə, bu müharibədə bizi qalib edəcək”.

 

Deputatın sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycan müharibə apardığı ölkənin ərazisinə atəş açmır: “Azərbaycan haqlı olaraq tarixi ədaləti bərpa etmək üçün bu istiqamətdə həyata keçirdiyi siyasətin nəticəsində bütün beynəlxalq təşkilatlara, dövlətlərə müraciət edərək bildirir ki, biz Ermənistana qarşı Ermənistanın ərazisində müharibə aparmırıq. Bizim apardığımız bu müharibə Azərbaycanın işğal olunmuş torpaqlarındadır. Sevindirici hal ondan ibarətdir ki, bizə qardaş, bizə dost olan ölkələrdən savayı beynəlxalq təşkilatlar özləri də bunu qəbul edir. Bir sıra ölkələrin mövqeyi bu məsələdə qeyri-stabil olsa da belə, bu dəqiqə daha çox ölkələr Azərbaycanın bu ədalətli mövqeyini təsdiq edir”.

 

Soltan Məmmədov hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya telekanalına verdiyi müsahibəsinə bütün dünya ictimaiyyəti qarşısında özünü bir daha gülünc vəziyyətə qoydu: “Biz ilk gündən bilirik ki, Ermənistan ordusunda vuruşan insanlar xaricdən gəlmiş müəyyən qruplardır. Lakin heç bir zaman biz bunu apardığımız müharibədə əsas bayraq kimi tutmamışıq. Lakin Ermənistan aciz bir vəziyyətdə bu gün məğlubiyyətlə üzləşərək lazımsız faktları qeyd edir. Ermənistanın baş nazirinin Rusiyanın “Rossiya 1” kanalına verdiyi müsahibədə qeyd etdiyi anlaşılmaz bir fikirlər - Azərbaycan tərəfindən digər ölkələrdən gəlmiş qrupların döyüşməsi və ya həmin o qruplarla ölkənin əhalisi arasında müəyyən narazılıqların olması artıq gülünc bir mesaj idi”.

 

Deputat əlavə edib ki, azərbaycanlılar bu müharibəni mənəvi borc hesab edərək, sevinclə, ruh yüksəkliyi ilə həyata keçirir. Bütün dünya ictimaiyyəti bilir ki, Ermənistanın aciz bir ordusuna qarşı müharibədə Azərbaycan ordusuna kənardan kiminsə cəlb olunmasına ehtiyac yoxdur. Çünki Azərbaycanın kifayət qədər güclü ordusu var: “Hər bir vətəndaşımız bilir ki, Azərbaycanın həyata keçirdiyi istər sosial, istər siyasi, istər mədəni siyasətin əsasında multikulturalizm əsasları önəmli yer tutur. Azərbaycanın bu siyasəti fonunda bir sıra beynəlxalq təşkilatlar - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatı  dövlətləri və digər beynəlxalq platformalarda Azərbaycanın mövqeyi hər zaman dəstəklənib. Bu münaqişədə əfsuslar olsun ki, Cənab Prezidentin dediyi kimi, biz öz dost və qardaşlarımızı tanıdıq. Həm qardaş Türkiyə, həm də Pakistanın ilk gündən ortaya qoyduğu siyasi mövqeləri bu gün də özünü göstərdi”.

 

Deputat hesab edir ki, istər Orta Asiya ölkələrinin, istər digər müsəlman ölkələrinin Azərbaycana dəstəyinin açıq-aydın göstərilməsinə, xüsusilə bunun rəsmi olaraq beynəlxalq siyasi platformalarda bildirmələrinə böyük ehtiyac var. Azərbaycanın bu haqlı, ədalətli mövqeyini dəstəkləməyən və ya neytral mövqe nümayiş etdirən ölkələr də gec-tez anlayacaqlar ki, xalqımızın 30 il ərzində əziyyət çəkdiyi bu münaqişənin həllində yalnız və yalnız bir məqsədi var: beynəlxalq hüququn bərpa olunması, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması.

 

İlahə Vəliyeva

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv