Deputat: “YAP-da edilən yeniliklər və struktur islahatları dövrün tələblərindən yaranır”
"Yeni Azərbaycan Partiyasının qurultayında Prezident dünyanın hesablaşdığı nüfuzlu dövlətə çevrilməsi üçün Azərbaycanda görülən işlər və qarşıda duran vəzifələrə toxunub”.
APA TV-nun xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, Qarabağ münaqişəsinin həlli ilə ölkəmizdə və bölgəmizdə yeni geosiyasi reallıq yaranıb: “Qurultayda bir sıra mühüm qərarlar qəbul edilib. Partiyamızın yeni nizamnaməsinə uyğun olaraq, Mehriban Əliyeva YAP Sədrinin Birinci müavini təyin edilib. Bütün həmfikirlərim adından Mehriban xanımı təbrik edirəm. Əminəm ki, YAP üzvləri partiyamızın Sədrinin gördüyü yeni quruculuq işlərini dəstəkləmək üçün onun ətrafında sıx birləşəcək”.
“Yeni Azərbaycan Partiyasında edilən yeniliklər və struktur islahatları dövrün tələblərindən yaranır”, - deyən deputat Kəmaləddin Qafarov isə hesab edir ki, bu birbaşa olaraq partiyanın çevik, operativ fəaliyyətinin təminatına xidmət edir: “İstər YAP-ın icra katibliyinin, istərsə də siyasi şuranın ləğvi və idarə heyəti üzvlərinin sayının 40-a çatdırılması, struktur islahatlarının sürətli şəkildə reallaşdırılmasından qaynaqlanır. Sevindirici haldır ki, YAP-ın yeni idarə heyəti üzvlərinin təxminən yarısını bizim millət vəkilləri təşkil edir. Bu münasibətlə həmkarlarımı təbrik edirəm. Bu fakt bir daha təsdiq edir ki, Milli Məclis ölkədə vüsət alan siyasi və struktur islahatlarının ön sıralarında gedir”.
Deputat Cavid Osmanov isə qeyd edib ki, YAP-ın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisədir: “YAP Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu qurultayın keçirilməsi torpaqlarımızın işğaldan azad olunmasından sonrakı dövrə təsadüf edir. Ölkədə və bölgədə Prezident İlham Əliyev tərəfindən yeni reallıq yaradılıb. Prezident İlham Əliyev qurultayda çıxışı zamanı qeyd etdi ki, milli birliyimizi qorumalıyıq. Bunları nəzərə alaraq, antimilli şuranın üzvlərindən başqa, bütün siyasi partiyalarla dialoqu daha da inkişaf etdirməliyik”.
Deputat Zahid Oruc isə hesab edir ki, partiyanın yeni tərkib idarəedicilərinin formalaşması, onların şəxsən ölkə rəhbəri tərəfindən seçilməsi, yeni komandanın yaradılması, əvvəlki səhvlərin təkrarlanmaması üçün yolların tapılması deməkdir: “Əks halda, YAP Siyasi Şurası bütövlükdə ləğv edilməzdi. Prezident 2019-cu ildə başladığı yeni hakimiyyət quruculuğunu davam etdirərək rəhbəri olduğu təşkilatı zamanın çağırışlarına hazırlayır. Mehriban Əliyevanın Birinci vitse-prezidentliyi dövlət idarəçiliyi üçün təmizlənmə və şəffaflıq, hesabatlılıq və məsuliyyət yaratdığı kimi, hakim partiyada da birinci müavinliyi düzgün və məsuliyyətli idarəçiliyə, eləcə də, qadınların ön mövqelərə çıxmasına, ölkəmizdə xanımların bütün həyat sferalarında uğur qazanmasına mühüm töhfə olacaq”.
Deputat qeyd edib ki, verilən qərarlar sübut edir ki, Prezident bütün siyasi qüvvələrin maraqlarının nəzərə alındığı bir ölkə qurmaq istəyir.
İlahə Vəliyeva,
Musa Qulammirzəyev,
APA TV