Deputatlar: “Azərbaycan əsgəri öz torpağında döyüşür”
Hazırda ölkəmiz mühüm bir tarixi mərhələdən keçir. Bu gün Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün Ordumuz Ali Baş Komandanın əmri ilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.
APA TV xəbər verir ki, bu mühüm məqamda Azərbaycanın yanında kimin durması aydın görünür və onlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir - qardaş Türkiyə və qardaş Pakistan.
Milli Məclisin deputatı Hikmət Babaoğlu deyir ki, bu xüsusda Fransa Prezidentinin davranışları xüsusilə qeyd edilməlidir. Onun sözlərinə görə, Fransa artıq Ermənistan-Azərbaycan münaqişəsində öz tərəfsizliyini itirib: “Düşünürəm ki Fransa ATƏT-in Minsk qrupu həmsədrliyindən istefa verməlidir. Çünki bu qurum tərəfsiz və problemi sülh yolu ilə həll etmək üçün vəzifələndirilmiş bir qurum idi. Hesab edirəm ki, ya Fransa özü istefa verməlidir ya da ATƏT-in Minsk qrupu həmsədrliyi üzərində müvafiq hüquqi prosedur tətbiq olunmaqla həmsədrlikdən çıxarılmalıdır. Bu prosesdə biz dostlarımızı, qardaşlarımızı, müttəfiqlərimizi gördük. Beynəlxalq hüququ müdafiə edən ayrı-ayrı dövlətlərin hərəkətlərini gördük. Biz qardaş Pakistanın məsələyə münasibətdə qətiyyətli mövqe nümayiş etdirdiyini gördük. Qardaş Türkiyənin, Ukraynanın, bu günlərdə Macarıstanın verdiyi bəyanatın şahidi olduq. Bir sıra beynəlxalq təşkilatların bəyanatları ilə tanış olduq”.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev isə hesab edir ki, Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu ərazilərdə əməliyyatlar həyata keçirərkən Fransa Prezidenti Makron və digər fransız siyasətçilərin ölkəmizə qarşı fikirləri qəbul edilmir, bu fikirlər rədd edilir: “Əgər onun doğub böyüdüyü şəhər işğal olunsaydı, nə edərdi?! Fransanın səfiri ilə görüşlərimizdə də dəfələrlə o, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Bəs indi niyə Makronun fikri dəyişib? Şübhəsiz ki, bunun arxasında ermənipərəst qüvvələr və erməni lobbisi durur. Makron bu bəyanatı ilə göstərdi ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi formatına yenidən baxılmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədrliyi institutu heç kimin monopoliyası deyil. Fransa buradan dərhal uzaqlaşdırılmalıdır. Çünki heç yerdə yazılmayıb ki, 3 həmsədr ölkə daimi seçilir”.
Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq, islamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib. Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Diktatorluq artıq Ermənistanda rəsmi siyasətə çevrilib.
Milli Məclisin deputatı Sabir Hacıyev deyir ki, Azərbaycan öz torpağında döyüşür. Dağlıq Qarabağ Azərbaycanın tarixi və ayrılmaz hissəsidir. Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistan ordusu Azərbaycan torpaqlarından qeyd-şərtsiz, tam və dərhal çıxmalı, yalnız bu halda döyüşlər dayana, bölgəyə sülh gələ bilər: “O dövlətlərin rəhbərləri tələb edirlər ki, Azərbaycan əyləşib danışıqları davam etdirsin, siz ilk növbədə ondan tələb etsinlər ki, Ermənistan hansısa bir təkliflərlə ortaya çıxmalıdır. Bütün bu görüşlər əslində illərdir ki, ermənilər tərəfindən vaxtı uzatmaq naminə keçirilirdi. Ermənistanda hakimiyyət dəyişdikcə, Qarabağ məsələsində heç bir dəyişiklik baş vermirdi. Biz onların provokasiyasına cavab olaraq bu addımı atdıq. Biz öz torpaqlarımızı azad etməyə məcburuq. Bir sözlə, haqq bizim tərəfimizdə olduğu üçün biz mütləq qalib gələcəyik. Allah xalqımızı, əsgərlərimizi qorusun!”
Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı Azərbaycan xalqı, beynəlxalq hüquq normaları verib. Tarixi həqiqət, beynəlxalq hüquq və haqq-ədalət Azərbaycan əsgərinin tərəfindədir.
İlahə Vəliyeva,
Musa Qulammirzəyev,
APA TV