13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Deputatlar: “Ermənistanın atəşkəs pozuntuları Rusiyanın imicinə zərbədir”

“Son günlər Ermənistan silahlı birləşmələri tərəfindən Şuşa, Naxçıvan, Gədəbəy, Kəlbəcər və Tovuz rayonlarında yerləşən bölmələrimizin atəşə tutulması düşmənin növbəti təxribat cəhdidir. Bu yolla Ermənistan bilərəkdən regionda süni gərginliyin yaradılmasına çalışır”.

 

Bu fikirləri APA TV-yə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

 

Onun sözlərinə görə, rəsmi İrəvanın seçkilərdən sonra üçtərəfli bəyanatı tam gücü ilə reallaşdıracağı gözlənilsə də, bunun tamamilə əksinin şahidi oluruq. Baş nazir Nikol Paşinyan tam gücü ilə hökumətin formalaşdırılmasını yubatmaqla birgə bəyanatın icrası üçün əlavə bəhanələr yaradır: “Təbii ki, Ermənistan çox gözəl bilir ki, məğlub ölkənin bağlayacağı sülh sazişi onun xeyrinə olmayacaq. Sülh sazişinin bağlanması ilə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımış olacaq. Bu da o anlama gəlir ki, Qarabağla bağlı Ermənistanın hər hansı bir iddiası qalamayacaq. Hakimiyyətdə olan dairələr cəmiyyətin bu addıma qarşı neqativ münasibətini bəri başdan bilirlər. Bu baxımdan Azərbaycana qarşı təxribatlarını intensivləşdirirlər ki, bununla da beynəlxalq dairələrin diqqətini bu məsələyə cəlb edib, Azərbaycan tərəfin cavab reaksiyasını ölkəmizin aqressivləşməsi kimi təqdim etsinlər. Yəni bu məsələni ATƏT-in Minsk qrupu platformasına çıxarmaq niyyətindədirlər”.

 

Deputat Hikmət Babaoğlu isə hesab edir ki, Ermənistanın bu təxribatı hər şeydən əvvəl onun xarici havadarlarının diktəsi əsasında baş tutur və ya bu təxribatlar Rusiya sülhməramlılarına qarşı atılan bir addımdır: “Azərbaycanın bu məsələdə mövqeyi qətiyyətlidir. Heç bir danışıqlardan söhbət gedə bilməz. Azərbaycan bu problemi həll edib. Belə olan halda nəyə görə bu məsələdə israr edirlər? Onlar hesab edə bilərlər ki, regionda Rusiya sülhməramlıları varsa, burada “geostrateji plüralizm” dediyimiz o balansın olması üçün Amerika da bir şəkildə bu proseslərdə iştirak etməlidir. Fransanın mövqeyinə gəldikdə, biz 44 günlük Vətən Müharibəsində də onların necə aqressiv davrandığını və bitərəf qala bilmədiyini gördük”.

 

Elşad Mirbəşiroğlu da eyni fikirdədir: Hesab edirəm ki, Ermənistanın təxribatlar törətməsinin başqa bir səbəbi də Paşinyanın Qərbdən aldığı təlimatlara uyğun ola bilər. Regionda sülhün təmin olunması məsələsini Rusiya öz üzərinə götürüb. Qərbdən xüsusi dəstək alan Paşinyan hakimiyyəti bu təxribatlarla Rusiyanın nüfuzuna ciddi xələl gətirmək cəhdlərindən də qalmır. Yəni bundan sonra Rusiyanın vasitəçiliyi ilə regionda formalaşdırılan sülh prosesinin pozulması Rusiyanın beynəlxalq imicinə ciddi zərbə vura bilər”.

 

Keçmiş münaqişə bölgəsində yerləşən Rusiya sülhməramlılarının məsələyə adekvat davranmalı olduğunu deyən deputat hesab edir ki, Rusiya sülhməramlıları ermənilərin təxribatlarının qarşısının alınması istiqamətində fəallıq nümayiş etdirməlidirlər: “Görünür, burada da müəyyən bir gözlənti var. Belə ki, Rusiya sülhməramlılarının da hərəkətə keçməsini Ermənistan cəmiyyətində anti-Rusiya hislərinin formalaşdırılması və ya gücləndirilməsi üçün  də istifadə edə bilirlər. Göründüyü kimi, Ermənistan çoxistiqamətli oyun quraraq bütövlükdə vəziyyətin məcrasından çıxılması istiqamətində cəhdlər etməkdədir”.

 

Deputat Hikmət Babaoğlu deyir ki, bir neçə gün əvvəl Prezident Azərbaycanın mövqeyini qətiyyətlə bəyan etdi: “Zəngəzur, İrəvan, Göyçə ilə bağlı öz fikirlərini bildirmiş oldu. Düşünürəm ki, Azərbaycan Prezidentinin səsləndirmiş olduğu qətiyyətli, haqlı və beynəlxalq hüquqa uyğun olan bu mövqe həm də son günlərdə sərhəddə törədilən təxribatlara yaxşı bir cavab idi”.

 

Hikmət Babaoğlunun fikrincə, Ermənistan tərəfi unutmamalıdır ki, birgə bəyanatın müddəalarının pozulması və ya yubadılması istiqamətində atılan addımlar növbəti sərt gərginliyə gətirib çıxara bilər.

 

İlahə Vəliyeva,

Xəqani Hüseynov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın