Deputatlar: “Fransa, Belçika və Niderland parlamentləri erməni lobbisinin təsiri ilə...”

“Belçika və Niderland parlamentlərində qəbul olunmuş qətnamələr Azərbaycan və Türkiyəyə qarşı qərəzli çağırışlarla müşahidə olunsa da, həm Belçika, həm də Niderland hökumətləri parlamentlərin tələb etdiyi çağırışlara əməl etməyəcəyini artıq bəyan edib”.

 

Bunu APA TV-yə açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

 

Deputat hesab edir ki, bütün bu olanlara baxmayaraq, hazırda bu ölkələrlə Azərbaycan hökuməti arasında ciddi işbirliyi var: “Sözügedən qətnamələrin qəbul edilməsi bir daha onu göstərdi ki, bu və ya digər ölkələrdə Azərbaycanın xarici siyasəti istiqamətində hələ görüləcək işlər çoxdur. Bu işlərin aparılması ilk növbədə diplomatlar, Azərbaycanın diasporlarla iş təşkilatları tərəfindən, eləcə də vətəndaş cəmiyyətləri tərəfindən həyata keçirilməlidir. Hesab edirəm ki, bu kimi əlaqələr və fəaliyyətlər getdikcə daha da artacaq və öz müsbət təsirini göstərəcək”. 

 

Deputat Elman Nəsirov hesab edir ki, Fransa, Belçika və Niderland parlamentlərində qəbul edilən qətnamələr bu ölkələrdə yaşayan erməni lobbisinin təsiri ilə qəbul edilib: “Bu dövlətlərin parlament nümayəndələri öz milli, dövlətçilik maraqlarını kənara qoyaraq, erməni maraqlarını dəstəkləyən addımlar atıblar. Halbuki heç kəsə sirr deyil ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeni alternativ enerji mənbəyidir. Belə bir addımın atılması ilk növbədə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni, hərtərəfli sənədin, sazişin imzalanması mənafeyinin ziddinə xidmət edir”.

 

Deputat Razi Nurullayev isə deyir ki, bu gün xaricdə fəaliyyət göstərən diaspor təşkilatları aralarındakı çəkişmələri kənara qoyaraq birlik nümayiş etdirsələr, o zaman yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini daha dolğun və geniş şəkildə yaya bilərlər. Bunun üçün Diasporlarla İş üzrə Dövlət Komitəsinin üzərinə ciddi işlər düşür: “Müxtəlif ölkələrdə fəaliyyət göstərən diasporlar arasında çəkişmələr gedir. Hər kəs ayrıca qrup yaradıb öz istədiyini edir, bir-birinin ayağının altını qazırlar. Bütün bunları kənara qoyub, hərə başını sallayıb öz işini görsə, o zaman bu cür ölkələrdə ictimai fikrə təsir etmiş olaraq və parlamentlər də belə qərarlar qəbul etməz”.

 

Xatırladaq ki, Belçika və Niderland Krallığının parlamentləri tərəfindən Azərbaycan əleyhinə, həqiqəti əks etdirməyən və tam qərəzli qətnamələr qəbul edilib.

Müəllif | Apa.Tv
Apa.tv