Deputatlar Fransanı həmsədrlikdən getməyə çağırdı
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. APA TV-nin xəbərinə görə, iclasın gündəliyinə 14 məsələ daxil edilib.
Spiker Sahibə Qafarova Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarının uğurla davam etdiyini bildirərək deyib ki, indiyədək düşmənin yüzlərlə texnikası məhv edilib. Azərbaycanın gücünü görən bəzi beynəlxalq təşkilatlar artıq narahat olmağa başlayıb. Vaxtilə münaqişənin həlli üçün heç bir addım atmayan bəzi qüvvələr artıq yeni açıqlamalar verir, Azərbaycanı öz haqq yolundan döndərməyə çalışırlar: “Hamımızın eyni fikri var: ordumuzun müzəffər yürüşü sonuncu erməni əsgər torpaqlarımızdan qovulana qədər davam etməlidir. Bütün xalqımız da, biz də əminik ki, bu belə olacaq. Zəfər savaşı qələbə ilə başa çatacaq”.
Erməni işğalçılarının Azərbaycandan çəkilməsinin danışıqlar prosesinin əsas şərti olduğunu deyən deputat Səməd Seyidov bildirib ki, ATƏT-in Minsk Qrupunun 3 həmsədri ötən gün həmsədrlər səviyyəsində deyil, 3 dövlət başçısı kimi bəyanatla çıxış ediblər. Bu bəyanatlar bölgədə sülhə töhfə verməyə xidmət etmir. Azərbaycanın hərbi əməliyyatları davam etdirməsi bu cür bəyanatlara ən yaxşı cavab olacaq: “Makronun son açıqlamaları bu qəbildəndir. Makron deyir ki, Qarabağın Azərbaycan tərəfindən yenidən ələ keçirilməsini qəbul etməyəcəyik. Bu, nə deməkdir? Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan torpağının işğalçıdan azad olunması Azərbaycan xalqının haqqıdır və beynəlxalq hüququn tələbidir. Son hadisələr göstərir ki, ATƏT-in Minsk Qrupunun formatı dəyişdirilməlidir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çəkilməlidir. Azərbaycan-Fransa münasibətlərinə yenidən baxılmalıdır".
Deputat Elşən Musayev hesab edir ki, Fransa səfiri XİN-ə çağırılmalı və ondan izahat alınmalıdır.
Deputat Fazil Mustafa isə bir sıra təkliflərlə çıxış edib: “Azərbaycan dövlətinin qətiyyətli şəkildə Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılmasını tələb etməsi təklifini irəli sürürəm. Artıq Türkiyə Prezidenti Ərdoğan da bunu gündəmə gətirib. İkinci təklifim isə bundan ibarətdir ki, bizim həbsdə əsgər və zabitlərimiz var ki, onların da qısa müddətə əfv olunaraq, həm əsgər, həm də zabit kimi döyüşə qatılmasını təmin edək. Bu, könüllü şəkildə olmalıdır və beynəlxalq təcrübədə var”.
Deputat Arzu Nağıyev deyib ki, Fransa Prezidenti Cənubi Qafqazda sülh uğrunda deyil, erməni seçicilərin səsi uğrunda mübarizə aparır: “Ulu öndər müstəqillikdən sonra ilk səfərini Fransaya edib, 2003-cü ildə Prezident İlham Əliyevin də Fransaya səfəri olub. Bizim ölkələrimiz arasında neft müqavilələri var. Ona görə də Fransa ciddi şəkildə ATƏT-in Minsk Qrupu həmsədri kimi mövqeyini ortaya qoymalıdır və balansı qoruya bilməyəcəksə, həmsədrlikdən çəkilməlidir”.
Deputat Kamal Cəfərov da Fransa Prezidentinin mövqeyinə toxunaraq bildirib ki, bu gün tarixi ədalət uğrunda mübarizə Fransada, BMT-də deyil, Qarabağda aparılır: “ATƏT-in Minsk Qrupunun, BMT-nin əsas işi BMT-nin icra edilməmiş 4 qətnaməsinin icrasını təmin etmək idi. Bunu etməyibsə, Azərbaycan Ordusu beynəlxalq hüququn bütün prinsiplərinə cavab verən əks-hücum əməliyyatları ilə torpaqlarının suverenliyini və ərazi bütövlüyünü təmin edəcək”.
Parlamentin vitse-spikeri Fəzail İbrahimli isə qeyd edib ki, Fransanın özünə hörməti varsa, Minsk qrupunun həmsədrliyindən geri çəkilməlidir.
Deputat Qənirə Paşayeva bildirib ki, Fransa öz ərazisində terrorçulara qarşı mübarizə aparanda Azərbaycan onlara nəyi edib, nəyi etməyəcəyini diqtə etmir. Azərbaycan da öz ərazisində antiterror əməliyyatları aparır. Makronun Dağlıq Qarabağla bağlı açıqlamaları isə onun tarix bilgilərinin çox zəif olduğunu bir daha göstərir.