Deputatlar: “Hazırda münaqişənin həllində diktə edən tərəf Azərbaycandır” - SORĞU

“Oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş iki günlük atəşkəs humanitar xarakter daşıyır, hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradır”. Bunu APA TV-yə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsiov bildirib.

 

Onun sözlərinə görə, bu, birinci mərhələ olaraq hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınmasıdır. Əgər Ermənistan bundan sonra yenə qoşunların çıxarılması istiqamətində addımlar atmayacaqsa, hərbi əməliyyatlar həmən bərpa oluna bilər: “Baza prinsipləri o deməkdir ki, əvvəlcə mərhələli həll variantında, yəni 5+2 variantında rayonlar bizə geri qaytarılır. Yalnız bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı məsələ öz həllini tapır. Burada iki əsas prinsip var. Birinci prinsip odur ki, Ermənistan tərəfi Azərbaycan torpaqlarının işğalına son qoyur, işğalçı qüvvələrini çıxarır. İkinci prinsip isə bizim üzərimizə düşən öhdəlikdir ki, Azərbaycan da Dağlıq Qarabağda erməni əhalisinin təhlükəsizliyinə təminat verir”.

 

Hazırda müzakirə olunan məsələlərdən biri də Ermənistan tərəfinin bu şərtlərə razılıq verib-verməyəcəyidir. Deputat deyir ki, hazırda münaqişənin həllində diktə edən və hücumda olan tərəf məhz Azərbaycandır: “Paşinyan bizim hərbi qələbələrimiz olmayan zaman güzəştə getsəydi, o zaman erməni xalqı onu devirərdi. Lakin indi erməni xalqı öz gözü ilə görür ki, Azərbaycan ordusu hücumdadır, yeni-yeni əraziləri işğaldan azad edir və Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı yaxın zamanda bərpa edə bilər. Belə olan halda Paşinyanın Azərbaycan torpaqlarını geri qaytarmaqla bağlı imzasının əleyhinə erməni xalqı çıxmayacaq. Əgər çıxarlarsa, o zaman Ermənistan labüd biabırçı məğlubiyyətlə üz-üzə qalacaq”.

 

Deputat Cavid Osmanovun sözlərinə görə, uzun illərdir Ermənistan danışıqlar prosesində özünü üstün tərəf kimi aparmağa çalışır, şərtlər irəli sürür, beynəlxalq təşkilatların qərar və qətnamələrini, beynəlxalq ictimaiyyətin çağırışlarını qulaqardına vurur, öz iradəsini diktə etməyə çalışırdı. 13 günlük müharibə Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi, onun iradəsini sarsıtdı, iqtisadiyyatını tam çökdürdü: “Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan ordusu bu günə kimi yaranmış mifin tamamilə dağıdılmasına nail ola bildi. Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər düşmən tapdağından, terroristlərdən azad edildi. Bu baxımdan da hər birimiz təmkin nümayiş etdirməliyik. Çünki cənab Prezident də çıxışında qeyd etdi ki, “Nəyi nə vaxt etmək lazım olduğunu mən yaxşı bilirəm” və qısa zamanda döyüşlərin gedişatı da onu göstərdi ki, cənab Prezidentin müəyyən etdiyi strategiya Azərbaycana uğur gətirir”.

 

Deputat Hikmət Babaoğlu qeyd edib ki, münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi: “Ali Baş Komandan, Prezident İlham Əliyevin ötən gün dediyi kimi, təmas xətti anlayışı yoxdur. Bu anlayış hər zaman Azərbaycanın əleyhinə istifadə olunan bir vasitə idi. Status-kvo termini bütövlükdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində diplomatik leksikondan çıxarılıb ki, bu da 1990-cı illərdə Azərbaycanın lehinə olmayan status-kvo idi. Eyni zamanda 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Beləliklə, hazırkı mərhələdə tamamilə yeni bir səhifə açılıb və bu səhifədə yazıları Azərbaycan yazacaq”.

 

Tarix yazan Azərbaycan Ordusu 13 gün ərzində cəbhənin əsas istiqamətlərində Ermənistanın müdafiə istehkamlarını darmadağın etdi. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bundan sonra düşmənin yenidən müdafiə xətti qurmağa nə vaxtı, nə imkanları, nə də resursları var. “Münaqişənin hərbi həlli yoxdur” tezisi də artıq qüvvədən düşmüş sayılır.

 

İlahə Vəliyeva

Əli Ələkbər

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv