Deputatlar sosial şəbəkələrlə bağlı yeni qanun qəbul olunmasını təklif edir
“Sosial şəbəkələrdə təhqir yolunu seçmiş bir qrup insan siyasi manipulyasiya etməklə məşğuldur”.
APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat Elman Nəsirov deyib.
O bildirib ki, hazırda geniş yayılan virtual dünyada “qaralama”, “ləkələmə”, “terrorizmə çağırış” üstünlük təşkil edir: “Sabah onları hansısa cinayət əməlinə görə həbs edəndə, iddia qaldırırlar ki, bəzi fikirlərinə görə həbs ediblər. Təklif edirəm ki, iyun ayı ərzində sosial şəbəkələrlə bağlı çox ciddi bir qanunu qəbul edək. Bu, artıq ictimai sifarişdir”.
Vitse-spiker Adil Əliyev deyib ki, hazırda bütün dünyada 4,54 milyard sosial şəbəkə istifadəçisi var və bu sahəyə nəzarət etmək dövrün aktual probleminə çevrilib: “Son zamanlar ölkəmizdə də müharibə, terrorizm və s. ilə bağlı çağırışlar edilir. Ancaq bu qanunazidd addımların qarşısı alınır. Lakin bizim müvafiq komitəmizdə bu məsələ ilə bağlı Cinayət Məcəlləsində dəyişiklik edilməsinə ehtiyac var. Cinayət və İnzibati Xətalar Məcəlləsində bu dəyişikliklərin edilməsi üçün peşəkar hüquqşünaslar da bu məsələyə cəlb edilsin”.
Deputat həmçinin qeyd edib ki, təhqirə ən çox məruz qalanlardan biri də özüdür: “Mən cavab verdiyim üçün onlar bunu daha da davam etdirirlər. Mənimlə eyni gündə digərlərini də təhqir ediblər, onlar susublar deyə, daha onların üstünə getməyiblər. Bu məsələdə susmaq olmaz. Sabah digərlərimiz də təhqirə məruz qala bilərik. Ona görə də bununla biz birgə mübarizə aparmalıyıq”.
Deputatı Naqif Həmzəyev isə hesab edir ki, internet üzərindən yayımlanan informasiya axınında neqativ hallarla, müharibə, zorakılıq, müxtəlif növ cinayətlərlə bağlı məlumatların geniş yer alması insanların şüuruna mənfi təsir göstərir: “Təəssüflər olsun ki, sosial şəbəkələrdəki mövcud məsuliyyətsizlik ölkəmizdə də müşahidə edilir. Hər zaman pusquda duran antimilli qüvvələr sosial şəbəkələrin imkanlarından istifadə edərək, Azərbaycanın uğurlarına kölgə salmaq üçün məkrli planlarını reallaşdırmağa çalışırlar. Sosial şəbəkələr üzərindən dövlətə və xalqa qarşı düşmənçilik, satqınlıq, riyakarlıq nümayiş etdirən bəzi qüvvələr antimilli planlarını təbliğ etməyə çalışırlar. Ölkəmizdə formalaşan azad, demokratik cəmiyyətin, azad medianın imkanlarından istifadə edən bu qüvvələr şər, yalan, böhtan dolu məlumatları ilə ürək bulandırırlar”.
Deputat vurğulayıb ki, əgər bu istiqamətdə yeni qanun layihəsi hazırlanıb təsdiq olunarsa, o zaman sosial şəbəkələr yanlış informasiyalar yayan, şəxsi ambisiyaları naminə gənclərimizi zəhərləyən siyasi oyunbazlardan, təhqirlərə yol verən, saxta profillərdən istifadə edənlərdən birdəfəlik təmizlənər. Beləliklə, istifadəçilər sosial şəbəkələrin yalnız müsbət tərəflərindən yararlana bilərlər.
İlahə Vəliyeva,
Faiq Həsənov
APA TV