Deputatlar Yardımlının icra başçısına görə mübahisə etdi
“İcra hakimiyyətinin başçıları həbs olunan rayonlarda hüquq-mühafizə orqanları da məsuliyyət daşıyır”.
APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O hesab edir ki, hüquq-mühafizə orqanlarının rəhbərləri rayonlarda baş verən qanunsuzluqlara bağlı məlumatı vaxtında yuxarıdakı aidiyyəti qurumlara və ölkə başçısına yazıb hesabat verməli idilər: “Əgər vaxtında belə hesabatlar və məlumatlar ölkə başçısına daxil olsaydı, vəziyyət bu həddə çatmazdı. Ona görə də hesab edirəm ki, bu işdə həmin rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri də məsuliyyət daşıyırlar. Odur ki, icra başçıları ilə yanaşı, onlar da məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır”.
Deputat Fazil Mustafa isə bildirib ki, hazırda Azərbaycanda çox ciddi dəyişiklik prosesi getməkdədir. Onun sözlərinə görə, ölkə başçısı yeni kadr təyin edəndə ona verdiyi tapşırıqları ictimaiyyətə çatdırır və bununla da vətəndaş bilir ki, icra başçısından və digər məmurdan nəyi tələb edəcək: “Müşahidə etdik ki, yerlərdə icra başçıları saxta yolla sahibkarların və vətəndaşların torpaqlarını ələ keçiriblər. Əgər bu gün sahibkarlar ayaq üstə qalıblarsa, onların bu fəaliyyətini qəhrəmanlıq kimi dəyərləndirmək lazımdır. Bütün bu halların qarşısının alınması üçün ölkədə ədalətli məhkəmə sistemi yaradılmalıdır. Ədalətli məhkəmə sistemi yaradılmadan həyata keçirilən digər islahatların nəticəsi olmayacaq”.
Deputat Zahid Oruc da çıxışında son günlər gündəmi zəbt edən icra başçılarının qanunsuz əməllərindən danışıb: “Bir gün Prezident hərbi yolla torpaqlarımızın azad edilməsi qərarını verərsə, dövlətin və xalqın əmlakını mənimsəyənlərin əməllərinə son qoyacağına zəmanət varmı? Son iki ay sübut etdi ki, yoxdur! Ona görə istər icra hakimiyyətinin rəhbəri, istərsə də başqa bir vəzifə adamının qanunsuz əməllərinə yalnız korrupsiya hüquqpozmaları çərçivəsində deyil, eyni zamanda xalqın hərbi təhlükəsizliyinə vurulan zərbə kimi, “müharibə dövrünün qanunları” əsasında qiymət verməliyik. Doğrudur, Biləsuvar “cəbhə xətti” deyil, lakin Goranboydan Ağstafaya yerini dəyişən Nizaməddin Quliyev isti kabinetində mülki vətəndaşların, yoxsulluqda yaşadığı üçün dövlət yardımı nəzərdə tutulan ehtiyaclı insanların haqqını mənimsəyəndə bir qədər ön cəbhədə əsgərlərimiz Vətəni qoruyurdular”.
Deputat Musa Qasımlı deyib ki, dövlət orqanlarının fəaliyyətinə heç bir şəkildə kölgə salmaq olmaz. Onun fikrincə, yaranmış şəraitdən həm ölkə daxilində, həm də xaricdə siyasi alver məqsədilə istifadə edənlər, öz şəxsi maraqları naminə dövlətin ümumi siyasətinə kölgə salmaq istəyənlər bilməlidirlər ki, dövlət indi hər şeyi görür: “Yardımların paylanmasının çox şəffaf şəkildə həyata keçirildiyi rayonlardan biri Yardımlıdır. Bu rayonda yardımlar hər bir insana şəffaf şəkildə çatdırılıb”.
Deputat Sabir Rüstəmxanlı isə Musa Qasımlının icra başçısının adından danışdığını və onun seçicilərdən xəbəri olmadığını bildirib: “Mən oradan olan insanların şikayətləri əsasında mətbuatda bu cür çıxış etmişəm. Musa Qasımlı yaxşı olar ki, gedib seçicilərinin vəziyyəti ilə tanış olsun”.
Musa Qasımlı isə Sabir Rüstəmxanlıya cavabında bildirib ki, 25 illik deputat həyatında heç bir seçicinin qapısını açmayan şəxsin seçicilərin adından danışması çox miskin görünür.
İlahə Vəliyeva
Musa Qulammirzəyev