Deputatlardan həyəcan təbili: “Xəstəxanalarda yer tapmaq çox çətindir”

Koronavirus pandemiyası sərhəd tanımır, ən qısa müddətdə, ən fərqli coğrafiyalarda insanların sağlamlığını və həyatını təhdid edir. Bütün səylərə baxmayaraq, hələlik dünyanın heç bir ölkəsində bu virusun qarşısının alınmasına tam nail olunmayıb. Ölkəmizdə də bu virusun zərərlərini minimuma endirmək üçün bir sıra tədbirlər həyata keçirilir. Lakin hələ də bu gözəgörünməz düşmənlə mübarizədə qələbə qazanmaq mümkün olmayır. Mütəxəssislər hesab edir ki, COVİD-19-la mübarizədə tibbi müdaxilə ilə yanaşı, həm də müəyyən sosial izolyasiya qaydalarına əməl etmək vacibdir. Qaydalar isə sadədir - maska taxıb, sosial məsafə saxlayıb, gigiyena qaydalarına əməl etmək.  Deputat Aydın Hüseynov deyir ki, əgər bu qaydalara əməl olunmasa o zaman, xəstəliyi simptomsuz keçirən şəxslər özləri də bilmədən virusu digərlərinə ötürə bilərlər: “Özüm üçün borcum nədən ibarətdir? Bu gün mənim bir vətəndaş olaraq, Vətən qarşısında bir öhdəliyim var ki, o da özümü qorumaqdır. Əgər özümü qoruyaramsa o zaman yaxınlarımı, vətəndaşlarımızı qorumuş oluruq. Bu gün hər birimizin vətəndaş borcudur Vətəni qorumaq”. 

 

Deputat Arzu Nağıyev isə hesab edir ki, milli və dövlət təhlükəsizliyinə təhdid ola biləcək ən mühüm amillərdən biri də elə koronavirusdur. Ona görə də bunun qarşısının alınması üçün yaradılmış Operativ Qərargahın verdiyi qərarın hər bir detalı Azərbaycan vətəndaşı tərəfindən yerinə yetirilməlidir: “Hər bir dövlətin milli təhlükəsizliyinə, dövlət təhlükəsizliyinə bir sıra təhdidlər var. Bu gün artıq gələcək genefonduna təhdidlər var. Əgər bu təhdidin qarşısını biz birgə almasaq, gələcəkdə bizi nəsillər bağışlamaz. Dövlət hər bir vətəndaşın yanındadır. Hər bir vətəndaşda dövlətin yanında olmalıdır. Maskadan istifadə etməklə, sosial məsafə saxlayıb, gigiyena qaydalarına əməl etməklə dövlətin yanında ola bilərlər”.

 

Dünya təcrübəsi göstərdi ki, güclü səhiyyə sisteminə malik bir sıra Avropa ölkələrində belə koronavirusa qarşı səmərəli mübarizə aparmaq mümkün olmur. Ona görə də koronavirus təhlükəsi ilə əlaqədar cəmiyyətin hər bir üzvünün üzərinə müəyyən vətəndaşlıq məsuliyyəti düşür. Deputat Fatma Yıldırım isə hesab edir ki, ümumi kütləvi təhdidə qarşı birlikdə mübarizə aparmalı və hökumət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verməliyik: “Maskanın taxılması, qaydalara əməl edilməsi bizim hər bir vətəndaşın vicdani borcu olmalıdır. Heç bir insanın haqqı yoxdur ki, başqa bir insanları yoluxdursun. Çox çətin bir iş deyil avtobusda, bağlı məkanlarda, qaydalara uyğun hərəkət etmək, maska taxmaq. Əgər hər birimiz qoyulan qaydalara əməl etsək, biz bu xəstəliyin tendensiyasını bir az azaltmış olacağıq. Xəstəxanalarda artıq yer tapmaq çox çətindir. Ona görə insanlar başa düşməlidir ki, qanunlar qəbul olunubsa bunu icra etmək vacibdir”.   

 

Fatma Yıldırımın sözlərinə görə, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər tez və müsbət nəticə əldə edə bilərik. Ona görə də bir daha hansı yolla olursa olsun, biz koronovirusa qarşı mübarizə tədbirlərimizi gücləndirməli, özümüzü və cəmiyyətimizi qorumalıyıq.

 

İlahə Vəliyeva

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv
Apa.tv