Deputatlardan təklif: “İcra hakimiyyətləri ləğv edilsin!”
“Xüsusi nümayəndələr institutu idarəetmədə çevikliyin təmin olunması üçün yaradılır”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, Prezident tərəfindən təyin edilən adamlar xalqa hesabat vermirlər, onlar Prezidentə hesabat verirlər: “Amma buna görə seçkili orqan olan bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Buna getməsək, ciddi inkişafa nail ola bilmərik. Dünya təcrübəsi var. O təcrübələr göstərir ki, yerli hakimiyyətləri xalq formalaşdırmalıdır. Gələcəkdə icra hakimiyyətləri ləğv olunmalıdır. Onların bütün səlahiyyətləri bələdiyyələrə verilməlidir”.
Deputat Fazil Mustafa isə deyib ki, nisbətən gözdən düşmüş icra hakimiyyəti institutunu bütün bölgələrdə prezidentin xüsusi nümayəndəliyi institutu ilə əvəz etməliyik.
Deputat bildirib ki, icra hakimiyyəti orqanları həm səlahiyyət sahibidir, həm də heç bir səlahiyyət sahibi deyil: “Ona görə də bu məsələ nəzərə alınmalıdır. Xüsusi nümayəndəlik institutunda bir nümayəndədən və onun aparatından söhbət getməlidir. Toqquşan səlahiyyətlər məsələsi də var. Həmin yerlərdə müvafiq icra hakimiyyəti orqanları ləğv olunmalıdır. İkincisi, bu bölgələrdə “Smart şəhər”, “Smart kənd” layihələrindən əvvəl “Smart insan” layihəsini həyata keçirməliyik. Bu ərazilərə xarizmatik insanları təyin etməliyik. Kadr bankının yaranmasına ehtiyac var. Qarabağa könüllü insanları göndərməliyik. Şıxlar kəndindən 150 ailə Qarabağın bir kəndində yerləşməyə hazır olduğunu bəyan etdi. Biz istiqaməti bu cür qurmalıyıq. Polisin, sərhəd qoşunlarımızın əməkdaşları ən ağır, çətin şərtlərdə fəaliyyət göstərirlər. Biz xüsusi nümayəndəliyin də işini elə qurmalıyıq ki, orada yerlərdə olan qurumlarla anlaşmazlıq yaratmasın”.