Dərsdə vəfat edən qızın atası da eyni səbəbdən ölübmüş
Xəbər verdiyimiz kimi, ötən gün Oğuzda 11-ci sinif şagirdi dərs zamanı ölüb.
APA TV-nin məlumatına görə, Çaldaş kənd məktəbinin direktoru Adil Səmədov Modern.az-a Zarinanın özünəqapalı qız olduğunu bildirib. Onun sözlərinə görə, qızın 6-cı dərsə qədər hər hansı narahatlığı olmayıb, hava soyuq olduğu üçün dərs açıq havada deyil, idman zalında keçirilib. “Qızın halı müəllim və şagirdlərin yanında pisləşib. Biz dərhal təcili tibbi yardım çağırdıq, təəssüf ki, həyatını xilas etmək mümkün olmadı”, - deyə Adil Səmədov bildirib.
Direktorun sözlərinə görə, bir gün öncə Zarina anası ilə şəxsiyyət vəsiqəsi almaq üçün rayona gedib. Orada özünü narahat hiss etdiyini deyib. Sonradan isə vəziyyəti normallaşıb.
Adil Səmədov qızın atasının da gənc yaşlarında qəflətən dünyasını dəyişdiyini deyib: “Zarinanın atası məktəbimizin gözətçisi olub, uşaqları kiçik yaşda olarkən, təxminən 6 il əvvəl vəfat edib. Qardaşı 8-ci sinifdə oxuyur, ataları gözlərinin önündə canını tapşırmışdı. Bu hadisədən sonra oğlan da bacısı kimi özünə qapanmışdı. Onların ikisi də məktəbimizin ən sevimli şagirdləri olublar”, - deyə o vurğulayıb.
Kənd bələdiyyəsindən sayta bildirilib ki, məktəblinin ölümü ilə bağlı ekspertiza araşdırması aparılır. Araşdırma nəticəsindən sonra onun hansı səbəbdən öldüyü müəyyənləşəcək.
Xatırladaq ki, hadisə rayonun Çaldaş kənd tam orta məktəbində baş verib. Həmin məktəbin 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Zarina Əhməd qızı Əzizovanın məktəbdə idman dərsi zamanı qəfil halı pisləşib. 16 yaşlı Zarina Əzizova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.