Dəyəri 1 milyon 200 min dollar olan narkotik dövriyyədən çıxarıldı

İrandan ölkəmizə gətirilən 47 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə İrandan Azərbaycana narkotik vasitələrin keçirildiyi və narkotiklərin Arzuman adlı şəxs tərəfindən götürülərək realizə olunması məqsədi ilə respublikanın müxtəlif bölgələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları tərəfindən dərhal həmin şəxsin tutulması istiqamətində zəruri əməliyyat tədbirləri həyata keçirilib:

 

Daxili İşlər Nazirliyinin əməkdaşı Ağgül Həmdizadənin sözlərinə görə, saxlanılan şəxsin avtomobilindən “qara bazar”da qiyməti 1 milyon 200 min ABŞ dolları olan 47 kiloqram narkotik aşkar edilib: “Peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Arzuman Qocayev Bərdə-Ağcabədi yolunda hərəkətdə olan zaman polislər tərəfindən idarə etdiyi “BMW” markalı avtomobillə birgə saxlanılıb. Nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı  ümumi çəkisi 43 kiloqram 195,396 qram heroin, 500 qram tiryək, 1 kiloqram 600 qram marixuana və 2 kiloqram 001,386 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Qeyd edək ki, həmin narkotik vasitə və psixotrop maddələrin “qara bazar”da qiyməti 1 milyon 200 min ABŞ dollarıdır”.

 

Araşdırma zamanı müəyyən edilib ki, Arzuman Qocayev İran vətəndaşları, şəxsiyyəti istintaqa məlum olmayan “Əsgər” və “Hüseyn” adlı şəxslərlə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələrin Azərbaycana gətirilməsini təmin edib. Həmin şəxslərlə “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayan Arzuman Qocayev narkotik vasitələri əldə edəndən sonra İran vətəndaşlarının qeyd etdiyi yerlərə aparmalı imiş.

 

Qeyd edək ki, Arzuman Qocayev bir neçə dəfə həmin şəxslər vasitəsilə bu yolla narkotik vasitələrin Azərbaycana gətirilməsində iştirak edib. O, şübhə oyatmamaq üçün hər dəfə narkotik vasitələri kirayə götürdüyü müxtəlif markalı avtomobillərlə razılaşdırılan ərazilərdən götürüb. Sonuncu dəfə isə Arzuman Qocayev şəxsi avtomobili ilə külli miqdarda narkotik vasitələri əldə edən zaman saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

         

 

Müəllif | Apa.Tv
Apa.tv