DİM SƏDRİ: “Bu il qəbul imtahanına Vətən Müharibəsindən də suallar salınacaq”

Fevralın 9-dan magistraturaya sənəd qəbulu başlayacaq.

 

APA TV-nin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib.

 

O qeyd edib ki, magistratura səviyyəsinə qəbul imtahanı (1-ci şans) fevralın 28-də keçiriləcək.

 

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, əvvəlki illərin məzunlarının ali məktəblərə qəbul imtahanı (1-ci mərhələ), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi aprel ayı ərzində baş tutacaq.

 

Məleykə Abbaszadənin sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul imtahanı (1-ci şans), tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (1-ci şans), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi, rezidenturaya qəbul imtahanı (1-ci şans) may ayı ərzində keçiriləcək.

 

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı, əvvəlki illərin məzunları üçün ümumi (9 illik) təhsil səviyyəsindən kolleclərə qəbul imtahanı, magistratura səviyyəsinə qəbul imtahanı (2-ci şans), tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (2-ci şans), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi isə iyun ayı ərzində olacaq.

 

Ali məktəblərə qəbul imtahanı (2-ci şans) iyul ayı ərzində baş tutacaq.

 

Rezidenturaya qəbul imtahanı (1-ci mərhələ 2-ci şans) avqust ayı ərzində olacaq.

 

Sentyabr ayı ərzində isə buraxılış imtahanı (payız təkrar), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi, rezidenturaya qəbul imtahanı (2-ci mərhələ) keçiriləcək.

 

Qəbul imtahanlarında müəyyən sadələşmələr də nəzərdə tutulub. Dəyişikliklər “Abituriyent” jurnalının növbəti sayında dərc olunub. Gələn həftədən abituriyentlər bu dəyişikliklərlə tanış ola biləcəklər: “Ən kütləvi imtahanlar aprel-sentyabr ayında olacaq. Tarixlər qeyd olunmasa da çalışacağıq ki, imtahana 1 ay qalmış vaxtı elan edək. Ola bilsin ki, kütləvi imtahanların apreldə Operativ Qərargah tərəfindən keçilməsinə icazə verilmədi. Biz indi hansısa proqnoz deyə bilmərik. İcazə verilməsə bu o deməkdir ki, həmin ay keçirilməyən imtahan növbəti ayda, mayda keçiriləcəkdir”.

 

Məleykə Abbaszadənin sözlərinə görə, imtahanların ardıcıllığı da dəyişməyəcək: “Təxirə salınsa belə, imtahanların ardıcıllığı dəyişməyəcək. Buraxılış imtahanından sonra may ayında ali məktəblərə qəbul imtahanlarının birinci şansının keçirilməsini nəzərdə tutmuşuq. Bu il cədvəli elə qurmuşuq ki, imtahanların iki dəfə keçirilmə şansı verilsin. Bu magistraturaya da aiddir, rezidenturanın birinci mərhələsi üçün də həmçinin. Ardıcıllıq dəyişməyəcək, bu da hazırlaşan şəxslər üçün öz strategiyasını düzgün qurmağa imkan verəcək. Aprel ayının tarixlərini yalnız mart ayının ortalarında elan edə bilərik”.

 

COVID-19 pandemiyası 2020/2021-ci tədris ilində bəzi mövzuların mənimsədilməsində çətinliklər də yaradıb: “Lakin bu o demək deyil ki, həmin mövzulardan ümumiyyətlə, sual salınmamalıdır. Məsələn, elmi üslub haqqında məlumat həm 10-cu, həm də 11-ci sinif “Azərbaycan dili” dərsliklərində verilir. 11-ci sinifdə bu mövzunun tədrisi karantin dövrünə təsadüf etsə də, mövzu üzrə müəyyən tapşırıqlar 10-cu sinifdə mənimsədilmiş bilik və bacarıqlara əsasən cavablandırıla bilər. Burada hər hansı problem yoxdur”.

 

Bu il tarix fənni üzrə qəbul imtahanı proqramına Vətən Müharibəsinə aid mövzular da daxil ediləcək. Məleykə Abbaszadənin sözlərinə görə, Vətən Müharibəsinə aid mövzular “Abituriyent” 1 jurnalında, həmin mövzulara aid məqalələri isə “Abituriyent” 2 jurnalında dərc olunacaq.

 

Fatma Zahidqızı,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv