DİM: Son 15 gündə ailəsində koronavirus aşkarlananlar imtahanlarda iştirak edə bilməyəcək
“Şagirdlər imtahana gələrkən ailəsində koronavirus xəstəsinin olmaması ilə bağlı bəyannamə imzalayacaqlar”.
APA TV-nin məlumatına görə, bunu bu gün təşkil olunan video-konfransda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, bu məsəldə həm abituriyentlər, həm də valideynlər vətəndaş həmrəyliyi göstərməlidir.
Buraxılış imtahanlarında bir ayda 200 mindən çox insanın iştirak edəcəyini deyən Məleykə Abbaszadə 1000-ə yaxın binada imtahan keçiriləcəyini bildirib. Hər şəxs yaşadığı ərazidə imtahan verəcək.
Bunun mürəkkəb proses olduğunu qeyd edən Direktorlar Şurasının sədri bəzilərində Azərbaycan dilindən dövlət dili imtahanı olacağını da vurğulayıb. Onun sözlərinə görə, hər gün ən azı 4 növ imtahan və imtahan kitabçası abituriyentlərə təqdim olunacaq. Bu prosesdə isə 15 minə yaxın nəzarətçi müəllim iştirak edəcək. Zallarda 15 nəfərdən çox olmayan tərkib olacaq.
Məleykə Abbaszadə həmçinin bildirib ki, ali məktəblərə qəbul imtahanlarının vaxtı iyunun 5-dən sonra elan edə bilər və hazırda sənəd qəbulu davam etdirilir. O, bu günə kimi ali məktəblərə qəbul olmaq üçün 75692 nəfərin sənəd verdiyini, onların 12883 nəfərinin isə əvvəlki illərin məzunları olduğunu qeyd edib.
Magistrların ixtisas seçiminə gəlincə bildirilib ki, magistratura səviyyəsi üzrə ixtisas seçimi iyunun 8-dən 18-nə kimi aparılacaq. Rezidentura imtahanlarının isə iyulun sonu, avqustun əvvəlində keçirilməsi nəzərdə tutulub.
Qurum sədri onu da bildirib ki, 9-cu və 11-ci siniflərin buraxılış imtahanlarında da bir sıra dəyişikliklər var. Bir ay ərzində təxminən 190 min şagird buraxılış imtahanlarında iştirak edəcək ki, onların 94 min nəfəri 11 sinif məzunudur və buraxılış imtahanı verirlər. Eyni zamanda 96 min nəfər 9-cu sinif məzunu da imtahan verməlidir.
Bunların hamısı hər həftə sonu imtahanlarda iştirak edəcək. Bunun üçün 1500-dən artıq məktəb binasına baxış keçirilib. Binalarda sanitar epidemioloji işlər başa çatandan sonra həftə sonundan imtahanlar başlayacaq.
Qeyd edək ki, son 15 gündə ailə üzvlərində koronavirus aşkarlanan şəxslər buraxılış və qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.
Həmidağa Məcidov,
APA TV