DİN əməliyyat keçirdi – FÜZULİYƏ QANUNSUZ YOLLARLA KEÇƏN ŞƏXSLƏR SAXLANILDI
Füzuli rayonuna qanunsuz yollarla keçən 7 nəfər saxlanılıb.
APA TV-nin xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilib.
Lakin hələ də ayrı-ayrı şəxslər polis postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olur. Bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə Füzuli rayonu ərazisində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib. Nəticədə əraziyə qanunsuz yollarla keçən 7 nəfər saxlanılıb.
Məhkəmənin qərarı ilə onlardan 6 nəfəri barəsində 30 sutka inzibati qaydada həbs, 1 nəfər barəsində isə 150 manat məbləğində cərimə tətbiq edilib.
Hazırda müvafiq araşdırmalar aparılır.