DİN sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

 

Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, son günlər sosial şəbəkələrdə, xüsusən “İnstagram”da müəyyən ödəniş qarşılığında vətəndaşlara guya internet xidmətləri göstərən səhifələrin sayı artıb.

 

“Belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verir, bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxarırlar. Hətta virtual məkanda fala baxmaq adı ilə də vətəndaşlarımızı aldadan şəxslər mövcuddur. Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik” – deyə nazirliyin xəbərdarlığında bildirilir.

 

Biz də həmin işbazlarla əlaqə saxlayıb gördükləri “işlərin” qiymətlərini maraqlanmaq istədik. Elə həmin şəxslərin sosial şəbəkələrdə qeyd etdikləri bir neçə nömrəyə zəng vurduq. Cavab isə belə oldu.

 

Mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirdik. Respondentlərin böyük əksəriyyəti sosial şəbəkələrdə müəyyən ödəniş qarşılığında vətəndaşlara guya internet xidmətləri göstərən dələduzların “fəaliyyəti” ilə tanış olduqlarını bildirdilər: (Müxbir: sual)

 

- Dəqiq xatırlamıram. Onu xatırlayıram ki, belə hallar olub. Özümə qarşı olmasa da, tanışlardan belə bir şikayətlər, narazılıqlar, sıxıntılar yaranıb. Dələduzluq istənilən halda qınanılası bir şeydir.

 

- Elə səhifələr çox çıxıb rastıma. Amma belə səhifələrə heç vaxt müraciət etməmişəm. Bu vaxta kimi onlara ehtiyac duymamışam. Bildiyimə görə, onların çoxu saxta hesablar açıb insanları aldadırlar.

 

- Düzdür, aldadılan çox şəxslər görmüşəm. Dostlarım da olub aralarında. Birmənalı olaraq bu cür fəaliyyətlərlə məşğul olan insanlara pis baxıram. Bir adamın kimisə aldatması, onun haqqını tapdaması düzgün bir şey deyil.

 

- Belə şəxslərə qarşı münasibətim çox pisdir. Kimisə niyə aldadırlar ki?

 

- Düzü, mən elə şeylərə fikir vermirəm. Əlbəttə ki, belə hallara münasibətim mənfidir. O işlərlə məşğul olan adamlara yaxşı baxmıram.

 

- Bu barədə məlumatım yoxdur. Yaxşısı, mən danışmayım bu barədə.

 

Sonda vətəndaşlara tövsiyəmiz budur ki, sözügedən əməllərlə məşğul olan şəxslərin şirin vədlərinə aldanmayın. Ən azı pulunuz “virtual işbazlar”ın cibinə axmasın.

 

Həmidağa Məcidov,

Vətən Sadatlı,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv