Dilqəm Əsgərov və Şahbaz Quliyevin 6,5 ilə başa gələn məzar ziyarəti – REPORTAJ
Şahbaz Quliyev və Dilqəm Əsgərovun arzusu əzizlərinin qəbrini ziyarət etmək idi. 2014-cü ildə bu arzunun arxasınca Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonuna səfər etdilər. Gedərkən dostları Həsən Həsənovu da özləri bərabər götürdülər. Lakin bu səfərin gedişi qısa zamanda olsa da, dönüşü çox uzun çəkdi. Düz 6 il...
Bu gün onlar da azaddır - Kəlbəcərimiz kimi.
Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bildirib ki, 10 noyabr bəyanatından sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin keçirdiyi görüşlərdən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsinin təxirəsalınmaz olaraq həyata keçirilməsi təklifini irəli sürüb: “Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibə işğal altında olan torpaqların azad olunması ilə yanaşı, Dilqəm və Şahbazın da azadlığa qovuşmasına şərait yaradıb”.
Dilqəm Əsgərov və Şahbaz Quliyev də Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində azad olunduqlarını deyirlər:
- Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində biz azad olunduq. Bir kəlbəcərli kimi Azərbaycan xalqını Vətən Müharibəsində qələbəmiz münasibətilə təbrik edirəm.
- Bu gün Azərbaycandayam. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram. Qarabağ Azərbaycandır!
Ömrünün 6 ildən çoxunu erməni girovluğunda keçirən Dilqəm Əsgərov deyir ki, mən Ermənistan ərazisinə deyil, öz ata-baba yurduma getmişdim. Dəhşətlisi odur ki, məni öz doğma yurdumda həbs etdilər: “Xankəndinə apardılar. Barmaqlarımı qırdılar. Baş nahiyəmdə hələ də qırıqlar var. Xankəndidə qaldığım bir il müddətində mənə yemək vermirdilər. Dəmir boşqabda qızdırılmış su və az miqdarda makaron verirdilər. Tutulan vaxt çəkim 100 kiloqramdan çox idi, amma sonradan çəkim 55 kiloqrama düşdü. Taqətim qalmamışdı. Hər dəfə məni aparanda avtomatın qundağı ilə döyürdülər. Elə vaxt olub ki, onların “prokurorunun” yanında 15 nəfər məni döyüb. Hamısını saymışam. Bunun hamısı "istintaq" vaxtı olub”.
İllərlə təkadamlıq kamerada tək qalan Dilqəm Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsindən ona radio verilməsini tələb edib. Bundan sonra ilk dəfə doğma dilində sözlər eşitməyə başlayıb: “Mən 6 il 5 ay Şuşa həbsxanasında qaldım. Gəzintiyə çıxmağa icazə vermirdilər. İki dəfə Xankəndidə məni “tok”a verdilər. Məqsədləri bu idi ki, Azərbaycan xalqının, hökumətinin əleyhinə nəsə danışım. Bacardığım qədər buna imkan vermədim. Hətta ora xaricdən də jurnalistlər gəlmişdi. Həmin gün onlar həbsxanada da olmuşdular. Məni məcbur edirdilər ki, o jurnalistlərə müsahibə verim. Ancaq vermədim və tələb etdim ki, ancaq Kəlbəcərdə bunu edərəm”.
Dilqəm Əsgərov girovluqda olduğu altı ildən çox müddətdə azad olunacağına bir gün də ümidini itirməyib: “Orada demişdim ki, vaxt gələcək Azərbaycan əsgəri bura gəlib çıxacaq. Çox şükür ki, əsgərlərimiz gəldi, torpaqlarımız azad olundu və biz öz doğma torpaqlarımıza qayıtdıq”.
“6 ildir sanki cəhənnəmin qapısını açıb bizi ora itələyirdilər” deyən Şahbaz Quliyevin sözlərinə görə, 44 günlük Vətən Müharibəsi bütün Ermənistanı silkələyib: “Axşam yatmağa qoymurdular, səhərə kimi bizə səs dinlədirdilər. Onların Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı, demək olar, hər gecə əlindəki dəyənəyi belimizdə qırırdı. Onlar inanmırdılar ki, biz ziyarətə gəlmişik. Bizə terrorçu, diversant adı qoymuşdular. Son günə kimi bizi belə təqdim etmək istəyirdilər. Son gün Beynəlxalq Qızıl Xaç Komitəsindən həkim gəlmişdi. Həkim deyirdi ki, əlimə gips qoyulmalıdır, lakin onlar etiraz edirdilər. Beynəlxalq Qızıl Xaç Komitəsi bizə verilən işgəncəni görürdü. Bizə verilən işgəncələr haqda məktublarda yazmağa imkan vermirdilər. Bir ildən sonra Şuşa həbsxanasında bizi kameraya bağlamışdılar”.
Müharibənin başladığını artilleriyanın səsindən bildiyini deyən Dilqəm Əsgərov Şuşa həbsxanasının ətrafına düşən mərmilərin səsinin azad olunacaqlarına inamı birə min artırdığını söyləyib: “Azərbaycan Ordusunun hərbçiləri Şuşaya daxil olanda bizi gecə ilə maşına mindirərək İrəvanda yerləşən türməyə apardılar. Gorusda qəsdən məni maşından endirib təpiklədilər. Evdən göndərilən əşyalarımın əksəriyyətini oğurladılar. Yolda İrəvandan gələn qrup üst paltarlarımı çıxardı, maşında ayaqyalın idim. Başıma torba salmışdılar, nəfəs ala bilmirdim. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə də dedim. Əvvəl bizi gətirəndə türmə boş idi, cəmi iki nadzor var idi. Sonradan ora 1 000 nəfər gətirildi, onlar nəfəslikdən bizi təhqir edirdilər. Bütün günü qapını döyürdülər. Sonradan bizi yenə Gorusa, oradan da Xankəndinə gətirdilər. Rusiya sülhməramlı qüvvələrinin generalı bizim şəkilimizi çəkdi”.
Dilqəm Əsgərov onlarla birgə Kəlbəcərə gedən dostları Həsən Həsənovu da xatırlayıb: “Mən iki gün Həsənlə birlikdə olmuşam. Ondan sonra onun başına nə gəldiyindən xəbərim olmadı. Biz ayrı düşdük. Ancaq mən bilmirdim ki, Həsən vurulub. 4 gün Həsənsiz qalıb, sonradan yenidən Həsən vurulan yerə qayıtdım. Fikirləşdim ki, bəlkə yaralı olar, yaxud qaçıb. Həmin yerə çatanda mən yaralanmışdım. Vertolyot məni mühasirəyə aldı. Erməni də Şahbaz Quliyevin, Həsən Həsənovun artıq onların əlində olduğunu dedi. Mənim də cəmi 7 patronum qalmışdı. Təslim olmağı özümə sığışdırmırdım, çünki hardasa 10 dəfə oralara getmişdim. Mən tutulan gün Beynəlxalq Qızıl Xaç Komitəsi artıq məni axtarırdı. Ermənilər məni Xankəndinə gətirən kimi həmin gün onlar mənimlə görüşdülər. Məndən neçə nəfər olduğumuzu soruşdular. Yalandan dedim, “4 nəfər”. Əsas məqsədim Həsəndən məlumat almaq idi. Baxdı və dedi ki, Həsən Həsənov yoxdur. Onda bildim ki, Həsən ölüb”.
Dilqəm və Şahbazla birgə vətənə qayıdan əsirlərdən biri də hərbi qulluqçu Amin Musayevdir. Amin deyir ki, nə zamansa əsirlikdən qurtulacağını bilirdi, amma belə qısa müddətdə qayıdacağına heç özü də inanmayıb. Əsir düşdüyü anları xatırlayan əsgərin sözlərinə görə, yaralı halda silahını götürüb, heç olmasa, bir ermənini vurmağa çalışıb. Məqsədi əsir düşməkdənsə, şəhidlik məqamına ucalmaq olub: “Məni arxadan tutdular. Yaralı idim. Məni təpədən sürüyə-sürüyə aşağı çəkdilər. Mənə nalayiq sözlər işlədirdilər, cavablarını verirdim. Rus jurnalistin məni çəkdiyindən xəbərim yox idi. Məni sanitarın maşınında da vururdular. Müəyyən yeri keçdikcə saxlayıb, yenə məni döyürdülər. Sonradan huşumu itirdim. Ayılanda xəstəxanada idim. Ona xəstəxana demək olarsa. Həkim sarğıya gələndə səsim çıxanda da vururdu. Yeməyi vaxtında vermək söhbəti yox idi. Yeməyi gətirib üstümüzə tullayırdılar. Yeməklər çox vaxt yeyiləsi olmurdu. Qısa müddətdə qayıtmağımı Ali Baş Komandana borcluyam. Təyyarə enəndən sonra bildim ki, Bakıdayam. Orada əməliyyatımı səhv etmişdilər. Burada həkimlər yenidən əməliyyat etdilər”.
Aminin sözlərinə görə, əsirlərlə təkcə erməni əsgərləri yox, həkimlər və tibb bacıları da qəddar davranıblar.
İlahə Vəliyeva
Əli Ələkbər
APA TV