Dilqəm və Şahbazın yaxınları Şuşaya gedir? - QIZIL XAÇDAN DƏSTƏK SÖZÜ
Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailə üzvlərinin baş çəkəcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyindən APA TV-yə verilən məlumata görə, adı çəkilən şəxslərlə bağlı bütün məsələlər münaqişə tərəfləri ilə konfidensial ikitərəfli dialoq formasında müzakirə olunur.
“Tərəflərin razılığı əsasında, BQXK neytral vasitəçilik fəaliyyəti çərçivəsində saxlanılmış şəxslərin ailələri ilə əlaqələrinin keyfiyyətinin artırılmasına dəstək olmağa hazırdır. Komitə mandatı çərçivəsində saxlanılan şəxslərə baş çəkir, saxlanılma şəraitini, onlarla rəftarı yoxlayır və ailələri ilə əlaqə yaratmağa dəstək göstərir” - deyə, məlumatda qeyd olunub.
Qeyd edək ki, son günlər Ermənistan kütləvi informasiya vasitələri (KİV) Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailə üzvlərinin baş çəkəcəyi haqda danışıqların yekunlaşdığını yazır.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D. Əsgərov və Azərbaycan vətəndaşı Ş. Quliyev Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Onun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda “məhkəmə” D.Əsgərova ömürlük, Ş. Quliyevə isə 22 il azadlıqdan məhrumetmə hökmü oxuyub.