Din xadimindən çağırış – AŞURA GÜNÜ KÜTLƏVİ TƏDBİRLƏR KEÇİRİLMƏSİN
Artıq 4 gündür ki, Azərbaycanda Məhərrəm ayı başlayıb. 5 gün sonra isə Aşura qeyd olunacaq. Lakin şəraitin şəriətə görə hökmü var. Bu il pandemiyaya görə, insanların bir yerə toplaşması məqsədəuyğun hesab edilmir. Çünki kütləvi şəkildə şəxslərin bir araya yığışması koronavirusa yoluxma ehtimalını artıra bilər.
APA TV xəbər verir ki, əhalinin sağlamlığını nəzərə alaraq din xadimləri, o cümlədən Heydər Məscidinin axundu Rüfət Qarayev də Operativ Qərargah tərəfindən təsdiq edilən qaydalara əməl edilməsinin vacib olduğunu bildirir. Onun sözlərinə görə, bir araya toplaşmaq qadağası insanın fərd olaraq Allahla münasibətinə maneə deyil: “Peyğəmbərimiz də hədisdə buyurur ki, Allah baxmaz sizin zahirinizə və mallarınıza, baxar sizin qəlbinizə və əməllərinizə. Allahın nəzər etdiyi yer insanın qəlbidir və onun göstərdiyi əməllərdir. Bu baxımdan hər kəs öz qəlbindəki imanı bağlılığında etdiyi ibadət və dualarını özü fərdi şəkildə və yaxud ailəsi ilə birgə edə bilər. Qarşıdan Aşura günü gəlir. Bu gün əvvəlki illərdə on minlərlə insanın bir yerə yığışmasına səbəb idi. Lakin bu il istər dünyada, istərsə də Azərbaycanda bir yerə yığılma xəstəlik təhlükəsi yaradır. Bu da insanın canının təhlükəyə düşməsidir ki, dinimiz ona yol vermir”.
Məhərrəmlik mərasimini keçirmək istəyənlər üçün onlayn imkanlar mövcuddur. Din xadimləri və imamlara tövsiyə edilib ki, söhbət və moizələrini öz internet səhifələri üzərindən həyata keçirsinlər.
Bundan başqa, əsas məsələlərdən biri də sözügedən ayda qanvermə aksiyalarının keçirilməsi ilə bağlıdır ki, koronavirusa görə, bu il onlar ənənəvi şəkildə olmayacaq: “İmam Hüseyn əleyhəsallam Məhərrəm ayında öz qanını insanlığın, dinin və İslamın yaşaması üçün axıtdı. Ənənəvi olaraq bu ayda insanlarımız İmam Hüseyn əleyhəsallama vəfa borcu olaraq insanların yaşaması üçün qan verirlər. Bu isə dinimiz tərəfdən bəyənilən əməldir. Lakin burada kütləviliyi qorumağa ehtiyac var. Dövlət necə nizamlayarsa, şəxslər müəyyən qan vermə mərkəzlərinə gedərək qan verə bilərlər”.
Ara məsafəsi saxlamaqla, növbəli şəkildə insanların qan verməsi üçün Səhiyyə Nazirliyi artıq bu işi təşkil edib. Paytaxtda Qan Bankında və digər bölgələrimizdə qan vermə ilə bağlı fəaliyyət göstərən xəstəxanalarda bu iş həyata keçiriləcək. Bundan əlavə, Məhərrəmlik ayında savab qazanmaq üçün insanlar şəhidlərin ruhuna ehtiram olaraq ehsan verir ki, bu il pandemiyaya görə, onların da tam fərqli formada yerinə yetirilməsi məsləhət görülür. Belə ki, ehsan vermək istəyi olanlar pul, ərzaq şəklində bunu edə və yaxud yeməyi bişirərək, ətrafında ehtiyacı olanlara, kasıblara paylaya bilərlər.
Elvin Paşazadə, Üzeyir Ağayev, APA TV