Dinc sakinlərin atəşə tutulması faktları beynəlxalq təşkilatlara təqdim ediləcək
Ermənistan tərəfindən geniş şəkildə əcnəbi terrorçu qüvvələr və muzdlular Azərbaycana qarşı istifadə olunur.
APA TV-nin xəbərinə görə, bunu bu gün keçirilən brifinqdə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O bildirib ki, Yaxın Qərb regionundan, xüsusən Suriya, Livan, daha sonra Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən erməni əsilli şəxslərin işğal olunmuş ərazilərə gəlməsi və yaxud bu istiqamətdə yola düşməsi ilə bağlı açıq faktlar və məlumatlara rast gəlinir: “Ermənistanın siyasi rəhbərliyi Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti aparıb və bir müddət öncə Livanda baş vermiş partlayışdan sonra erməni əsilli şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi ilə bağlı nümayişkaranə şəkildə qeyri-qanuni fəaliyyətini davam etdirib. Son zamanlar biz Ermənistan hökumətinin xaricdə fəaliyyət göstərən diaspor təşkilatları vasitəsi ilə ermənilərin toplanması və Ermənistana yola düşməsi, həmçinin bu istiqamətdə maliyyələşdirmə, dəstək tədbirlərinin, ianələrin ayrılması ilə bağı böyük canfəşanlıqla fəaliyyət göstərdiyini açıq şəkildə müşahidə edirik”.
Leyla Abdullayeva deyib ki, Ermənistan tərəfi azərbaycanlı mülki şəxsləri və mülki infrastrukturu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyasını və tələblərini kobudcasına pozduqlarını bir daha nümayiş etdirdilər. Sentyabrın 27-dən indiyə qədər 24 mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyekt, infrastruktur dağıdılıb.
Xarici İşlər Nazirliyinin sözçüsü onu da əlavə edib ki, Azərbaycan tərəfində olan dəqiq faktlara və məlumatlara əsasən, respublikamızın Gəncə, Mingəçevir şəhərləri, Abşeron və Xızı rayonları Ermənistanın Gorus, Sisyan, Vardenis, Cermuk və Berd şəhərlərindən raket atəşlərinə məruz qalıb: “Ermənistanın Azərbaycan şəhərlərinə raket zərbələri endirməsi ilə bağlı əlimizdə olan, xüsusilə həm yerli, həm də beynəlxalq ekspertlərin, hadisə yerində olan reportyorların və xarici jurnalistlərin iştirakı ilə toplanmış faktlar Azərbaycan tərəfindən müvafiq beynəlxalq təşkilatlara təqdim ediləcək”.
Xarici İşlər Nazirliyi bir daha bəyan edir ki, hazırda Ermənistan və erməni diaspor təşkilatları Azərbaycan və onun mülki əhalisinə qarşı terror fəaliyyətləri həyata keçirdiklərinə görə, beynəlxalq hüquqi məsuliyyət daşıyırlar.
Azərbaycanın razılığı olmadan işğal edilmiş ərazilərə səfər edən xarici jurnalistlərin təhlükəsizliyinə Azərbaycan tərəfi cavabdehlik daşımır.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə isə bildirib ki, sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı müvafiq rayon prokurorluqlarında 19 cinayət işi başlanıb: “Sentyabrın 27-dən indiyə qədər 24 nəfər mülki şəxs həlak olub. Onlardan 5-i qadın, 3-ü uşaqdır. 121 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlardan 30-u qadın, 7-si isə uşaqdır”.
Cinayət işləri ilə bağlı istintaq davam etdirilir.
İlahə Vəliyeva Üzeyir Ağayev APA TV