Diplomatik korpus nümayəndəlikləri Füzuli, Qubadlı və Laçında olublar

Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına növbəti səfəri başa çatıb. Diplomatlar növbəti səfər çərçivəsində Füzuli, Qubadlı və Laçında olublar. 

APA TV xəbər verir ki, səfər zamanı diplomatlar Füzulidə tikintisi davam edən hava limanı ilə, Laçındakı "GÜLƏBİRD" SES-lə tanış olublar. Diplomatlar, həmçinin bu ərazilərdə Ermənistanın məhv etdiyi dini, mədəni abidələrə də baş çəkiblər.

Səfərdə Fransanın Azərbaycandakı səfiri Zakari Qross, Britaniya səfiri Ceyms Şarp, İtaliya səfiri Auqusto Massari, Türkiyə səfiri Erkan Özoral da daxil olmaqla müxtəlif ölkələrin diplomatları, hərbi attaşeləri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri iştirak edib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Füzulinin Mərdinli kəndində diplomatik korpus nümayəndələrinə Ermənistanın törətdiyi dağıntılar barədə məlumat verib. O bildirib ki, məscidin dağıdılması ilə yanaşı, həm də təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir.

Azərbaycandakı diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində bu gün Qubadlı rayonunun Qəzyan kəndində Ermənistanın törətdiyi ekoloji terroru öz gözləri ilə görüblər. Diplomatların diqqətinə o da çatdırılıb ki, 168 yerdə yeraltı faydalı qazıntılar uzun illər ərzində istismar olunub, talan edilib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər çərçivəsində diplomatik korpus nümayəndələri Laçında olublar.

Laçında yerləşən "Güləbird" SES-ə baş çəkən diplomatlara SES-in əvvəlki vəziyyəti barədə məlumat verilib. "Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev bildirilib ki, dekabrın əvvəllərində etibarən SES-də təmir işləri aparılıb.

O həmçinin deyib ki, bu ilin sonuna qədər Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq.

 

 

Müəllif | Apa.Tv
Apa.tv