Diplomatik korpusun nümayəndələri Bərdəyə səfər edib
Azərbaycandakı diplomatik korpusun nümayəndələri Bərdəyə səfər edib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, onları Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Baş prokuror Kamran Əliyev müşayiət edib.
Diplomatlar Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atılan ərazilərə baş çəkərək Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətləri ilə yerindəcə tanış olublar.
Qonaqlara məlumat verilib ki, Bərdəyə hücum nəticəsində 21 nəfər həyatını itirib, 70-ə yaxın adam yaralanıb.
Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistan siyasi-hərbi rəhbərliyi bunu qəsdən və məqsədyönlü şəkildə edir: “Əgər onların cəsarəti çatsaydı, döyüş meydanında real hərbi əməliyyatlarda iştirak edərdilər. Döyüş meydanından qorxaraq qaçırlar və mülki insanlara qarşı bu kimi cəsarətsiz addımlar həyata keçirirlər. Biz burada olmaqla və sizin həmrəyliyinizlə bir daha beynəlxalq ictimaiyyətə bu cinayətləri çatdırırıq ki, Ermənistanın əsl mahiyyəti, Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu xislətini bütün dünya görmüş olsun. Bütün dünya görmüş olsun ki, sivil dünya ilə Ermənistan arasında nə qədər uçurum var və Bərdə şəhərinə olan hücum da bunun bariz nümunəsidir. Gördüyünüz kimi, burada hər hansı hərbi obyekt yoxdur. Onların məqsədi günorta saatlarında mülki insanları hədəfə almaq və qırğın törətməkdən ibarət idi”.
Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycanın özünümüdafiə hüququ var. BMT-nin Nizamnaməsinin 54-cü maddəsinə əsasən, Azərbaycan təhlükəsizliyini təmin etmək üçün legitim hərbi hədəflərə qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Amma Azərbaycan mülki şəxslərlə döyüş aparmır, aparmayacaq da: “Biz döyüş meydanında döyüş aparırıq. Ermənistanın mülki şəxslərinə qarşı döyüş aparmırıq, ancaq legitim hərbi hədəflərə qarşı. Bu, bizim mədəniyyətimiz, xalqımızın mentalitetidir. Ermənistanla Azərbaycan arasındakı fərq bundan ibarətdir”.
H. Hacıyev qeyd edib ki, Xarici işlər naziri tərəfindən artıq Minsk Qrupunun həmsədr ölkələrinə və digər beynəlxalq təşkilatlara bu barədə məlumat verilib: “Bu, gördüyünüz kimi Vaşinqtonda keçirilmiş görüşdən sonraya təsadüf edib və qarşıdan Cenevrə görüşləri gəlir. Ondan əvvəl Ermənistan tərəfindən növbəti bir xəyanətkar, alçaq və şərəfsiz hücum həyata keçirildi. Gördüyünüz kimi, Bərdə şəhərinin mərkəzində hər hansı bir hərbi məntəqə, hərbi hədəf yoxdur. Onların məqsədi, gücü ancaq mülki insanlara çatır ki, bu məqsədlə kasetli bombalardan istifadə edirlər. Məqsəd də birdir, insanlar arasında qırğına səbəb olmaq. Bu, Azərbaycan xalqını qorxutmur. Xalqımız daha da möhkəmdir, gördüyünüz kimi, Ali Baş Komandanın əmrinə əsasən, biz də burdayıq, xalqımızla bir yerdəyik”.
Hikmət Hacıyev ordumuzun bütün cəbhə xətti boyunca düşmənə layiqli cavab verdiyini, cinayətlərin törədilməsi barədə əmr verən düşmənin hərbi komandirlərinin bir-bir məhv edildiyini qeyd edib.
Bərdədə jurnalistlərə açıqlama verən Baş Prokuror Kamran Əliyev isə bu cinayətin birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin tapşırığı əsasında törədildiyini bildirib: “Bir daha tam məsuliyyətlə qeyd edirəm ki, bu, Azərbaycanın döyüş bölgəsində uğurları ilə bağlıdır. Biz artıq təhlil, müqayisə aparmışıq. Azərbaycan Ordusu cəbhədə irəlilədikcə, Ermənistan silahlı birləşmələrinə zərbələr endirdikcə, daim Ermənistanın siyasi rəhbərliyi tərəfindən bu kimi göstərişlər verilir və dinc əhaliyə qarşı bu kimi terror aktları törədilir”.
K. Əliyev qeyd edib ki, baş verənlərlə bağlı təbii olaraq cinayət işi başlanıb: “İstintaq-əməliyyat qrupu dünəndən Bərdə şəhərində işləyir, zəruri olan bütün sübutlar toplanır və toplanılacaq. Tam məsuliyyəti ilə deyirəm ki, dünyada, tarixdə heç vaxt belə cinayətlər törədən şəxslər məsuliyyətdən qaça bilməyiblər və qaça da bilməyəcəklər. Yaxın zamanlara da baxsaq, görərik ki, dünyanın hər yerində bəşəriyyətə, insanlıq əleyhinə, mülki əhaliyə qarşı bu kimi cinayətlər törədən şəxslər son nəticədə məsuliyyətə cəlb ediliblər. Biz də tərəfimizdən lazım olan bütün tədbirləri görəcəyik.”.
Baş prokuror qeyd edib ki, ermənilərin cinayətləri ilə bağlı ilkin istintaqın nəticələrini sabah açıqlamağı planlaşdırırıq.
Qeyd edək ki, diplomatlar düşmən tərəfindən rayonun Mirzəbəyli kəndi ərazisinə atılan raket qalıqları ilə tanış olublar.