DİQQƏT: Qaz sayğacı hansı hallarda əlavə pul yazır?
“Sahə üzrə tənzimlənən qanun layihəsində qeyd olunur ki, əgər istehlakçı evdə bir aydan çox yaşamayacaqsa, o, mütləq xəbər verməlidir. Bu, təhlükəsizlik baxımından ona görə önəmlidir ki, hansısa səbəbdən baş vermiş sızmalar və ya digər neqativ hallar təhlükəli anlar yaşatmasın. Bu addım, eyni zamanda, sərfiyyatla bağlı yarana biləcək anlaşılmazlığın qarşısını da alacaq”.
“Azəriqaz” İstehsalat Birliyinin Hüquq departamentinin rəisi Vüqar Eyvazovun bu açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Hətta bəzi istifadəçilər “İcazə verirsənmi qaynanamgilə gedim?”, “İcazə olarmı atamgilə gedim?” tipli atmacalarla qurumu ələ salmağa çalışdılar. Halbuki məlum açıqlama abonentin həm təhlükəsizliyi, həm də əlavə borcunun yaranmaması ilə bağlıdır.
“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev APA TV-yə söylədi ki, təmsil etdiyi qurumun abonent qarşılığında öhdəliyi olduğu kimi, abonentlərin də “Azəriqaz” qarşısında öhdəliyi var. “Azəriqaz” İB-nın rəhbərliyi bu təpkilərə, lağa qoyma kampaniyasına əhəmiyyət vermədi. Qanun çərçivəsində biz izahat verdik ki, abonentin belə bir öhdəliyi var. Sabah hansısa problemin olmaması üçün bir neçə dəqiqənin itirilməsi tam normaldır.
Eldəniz Vəliyev həmçinin bəzi sosial media istifadəçilərinin "abonent evdə olmadığı təqdirdə sayğacı pul yazır" statuslarına da münasibət bildirdi: “Qətiyyən mümkün deyil. Pul yazmadığı təqdirdə vətəndaş niyə pul ödəməlidir? Geriyə sayım deyilən bir şey var. Sayğacda nasazlıq əmələ gəlir və mənfi saldo olur. Sayğacda nasazlıq əmələ gəlir və mən gedib karta 10 manat yükləyirəm və 10 gün keçib, amma mənim 10 manatım bitməyib. Halbuki 10 gün ərzində mən 12 manat ödəməliydim. Abonenet görəndə ki, sayğac işlək deyil bizə məlumat verməlidir. Amma vermir. Nəticə etibarı ilə istifadə etdiyi mənfi saldo borc kimi üzərinə gəlir”.
Eldəniz Vəliyev bir daha xatırlatdı ki, abonent yaşadığı evi uzun müddətə tərk etdikdə qazpaylayıcıya məlumat verməlidir. Onun sözlərinə görə, bu həm abonentin təhlükəsizliyini təmin edəcək, həm də əlavə xərclərin yaranmasının qarşısını alacaq.
Aytən Sakitqızı,
Xəyal İskəndərov,
APA TV