Direktor müavinləri öz işlərini layiqincə yerinə yetirə bilmirlər - Kamilə Əliyeva

“İbtidai sinif şagirdləri arasında skalioz xəstəliyi artıb”.

 

APA TV xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Fatma Yıldırım deyib.

 

O bildirib ki, bu xəstəlik çox çətin müalicə olunur:

 

“Uşaqların çantaları çox ağırdır. Avropanın bir sıra məktəblərində orada yaşayan biri olaraq deyə bilərəm ki, ibtidai sinif uşaqları üçün verilən dərsliklər iki nüsxədə çap olunur. Onların çantaları bu qədər ağır olmur. Bu xəstəliyin müalicəsi üçün Səhiyyə Nazirliyinə dövlət büdcəsindən çoxlu vəsait ayrılır. Mən buradan Səhiyyə Nazirliyinə səslənmək istəyirəm. Sırf bu xəstəliyin müalicəsi üçün reabilitasiya müəssisələri demək olar ki, yoxdur. Uşaqlar bizim gələcəyimizdir. Valideynlər bizə bu xəstəliyin müalicəsi üçün dəstək istəyir. Regionlarda bu xəstəliyi müalicə edən ixtisaslı kadrlar da yoxdur. Vətəndaşlarımız Bakıya gəlməyə məcbur olur. Buna da bəzilərinin imkanı çatır, bəzilərinin yox”, - deyə deputat vurğulayıb.

 

Komitə sədri Bəxtiyar Əliyev isə bildirib ki, qaldırılan məsələnin aktual olduğunu və bununla bağlı təkliflər hazırlanmasını istəyib.

 

Millət vəkili Kamilə Əliyeva isə qeyd edib ki, bu gün məktəblərdə çalışan təlim-tərbiyə işləri üzrə direktor müavinləri öz işlərini layiqincə yerinə yetirə bilmirlər: “Onlar sadəcə kabinetlərində oturmaqla işini sənəd işlərini görməklə yekunlaşmış hesab edirlər. Halbuki direktor müavinləri daim məktəbin dəhlizində olmalı, təhsil müəssisəsinin daxilində baş verən prosesləri izləməlidir. Son zamanlar məktəb daxilində bir sıra xoşagəlməz halların baş verdiyinin şahidi oluruq. Direktor və müavinləri öz vəzifələrinin öhdəsindən layiqincə gəlməlidir. Valideyn övladının məktəbə yola salır və övladı 6-7 saat orada olursa, deməli məktəb daxilində baş verən bütün hadisələrə məktəb rəhbərliyi cavabdehdir”, - deyə Kamilə Əliyeva vurğulayıb.

 

Yeri gəlmişkən qeyd edək ki, komitə iclasında məktəblərdə təhlükəsizliklə bağlı tədbirlərin görülməsi də müzakirə olunub.

Müəllif | Apa.Tv
Apa.tv