Dizaynerdən fərqli addım - XƏRİTƏ FORMASINDA SƏMƏNİLƏR HAZIRLAYIR

Səməni bolluq bərəkət rəmzidir. Bu səmənilər isə fərqli formada hazırlanıb. Samirə İbrahimova vətənə olan sevgisini səmənilərdə bu şəkildə ifadə edib.

 

Kəlbəcər rayonundan olan 35 yaşlı rəssam-dizayner olan Samirə İbrahimova bu gözəl bayram günlərində canlandırdığı səməniləri ilə vətəninə nə qədər bağlı olduğunu göstərir.

 

Artıq 7 ildir ki, o Azərbaycan xəritəsi formasında səmənilər hazırlayır. Deyir bu o qədər də asan deyil. Səməni cücərtmək bir az səbr, diqqət və qayğı istəyir. Məhz bu zəhmətin bəhrəsidir ki, səməni qayğı və sevgi ilə əmələ gəlir. Bu il isə qələbəmiz münasibəti ilə daha həvəslə çalışıb. Fərqliliklər edib.

 

Samirə xanım səməni xəritələrdə bu vaxtadək Qarabağ ərazisini göyərtmirmiş. Həmin hissəni bayraqlarla əvəz edirmiş. Bu il isə torpaqlarımız işğaldan azad olunduğundan həmin ərazini yaşıl rəngə boyayıb: “Həmin hissələrə buğdanı quru-quru tökürdüm. Yəni düşmən tapdağı altındadır, o yerlərdə həyat yoxdur, cücərmir. Sonra həmin hissələri bayraqla qeyd elədim, yəni ki Azərbaycanın torpaqlarıdır. Bu il isə sevinc, qürur hissi ilə həmin hissələri sevə-sevə cücərtdim. İnşallah gələn il öz torpağım Kəlbəcərdə cücərdim səmənilərimi”.

 

O səmənilərdən də Qələbəmizin rəmzi Xarı bülbülü, Azərbaycanın xəritəsini və təşəkkür əlaməti olaraq Vətən Müharibəsində göstərdikləri mənəvi dəstəyə görə, qardaş ölkələr – Pakistan və Türkiyənin xəritələrini canlandırıb: “Burda mən səmənilərimdə qardaş ölkələrə mənəvi dəstək olduqlarına görə, təşəkkürmü bildirmək üçün Pakistan dövlətinə, Türkiyə dövlətinə təşəkkürümü bildirmək üçün onların xəritələrini cücərtmişəm. Və qələbəmizin rəmzi olan Xarı bülbülü cücərtmişəm”.

 

Səmənilər təxminən iki həftəyə ərsəyə gəlir. O söz verib ki, hər il olduğu kimi bu ənənəni yerinə yetirəcək. Çünki bolluq bərəkətlilik rəmzi olan səməni torpaqlarımızı da belə bolluq bərəkətli edəcək.

 

RAMİL ZEYNALLI,

ƏLİ ƏLİYEV,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv