Dizelin bahalaşmasına görə subsidiyalar bu il fermerlərin kartlarına köçürüləcək
“Fermerlərə veriləcək kompensasiyanın həcmi, kənd təsərrüfatında işlədilən dizel yanacağının xərcindəki artıma görə müəyyən olunacaq”.
APA TV xəbər verir ki, bunu nazirlik yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.
Onun sözlərinə görə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Subsidiya Şurası əkin subsidiyası əmsallarını artırmazdan əvvəl fermerlərin dizel yanacağının bahalaşması ilə bağlı artan xərcini öyrənib. Fermerlərin konkret nə qədər subsidiya alacağına gəlincə isə.. Hər bir bitkinin əkin xüsusiyyətləri fərqli olduğu kimi, xərclərdə fərqlidir. Bu səbəbdən dizel sərfiyatı fərqlidir. Aparılan hesablamalar nəzərə alınaraq fermerlərə ödəniləcək kompensasiyanın həcmi 20 manatdan, 50 manata qədər dəyişir.
Firdovsi Tağızadə fermerlərə kompensasiyanın hansı formada çatdırılacağına da aydınlıq gətirib. O bildirib ki, dizel yanacağının artmasına görə ödəniləcək subsidiya digər kompensasiya tədbirlərinin tərkib hissəsi kimi həyata keçiriləcək: "Subsidiyaların verilməsi ünvanlı şəkildə aparılacaq. Yəni misal olaraq, əgər fermer buğda əkirsə, 40 manat subsidiya alacaq, tərəvəz əkirsə, 20 manat subsidiya alacaq, şəkər çuğunduru əkirsə, 50 manat alacaq".
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov isə bildirib ki, fermerlərə subsidiyaların ödənişi ötən ilin dekabrında təsdiqlənən məbləğlər əsasında həyata keçiriləcək: "Əlavə olunan əmsallar artırıldığından oradakı fərqdən çıxan subsidiya məbləğləri cari il ərzində fermerlərin kartlarına köçürüləcək. Hazırda Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən tədqiqatlar aparılır, artan xərclər ümumi olaraq öyrənilir. Bildiyiniz kimi, elə bitkilər var ki, onların xüsusiyyətlərində aqrotexniki qulluq qaydalarından asılı olaraq daha çox texnika cəlb olunaraq istifadə olunur, eləsi də var ki, daha nisbətən az istifadə olunur. Bu amillər nəzərə alınaraq, hər bitki üzrə subsidiyaların artırılması barədə yekun qərar qəbul olunub".
Qeyd edək ki, bu günə qədər 182 min nəfərdən çox fermerə subsidiyalar ödənilib. Monitorinqə cəlb olunan torpaq sahələrindəki yoxlamalar başa çatdıqdan sonra subsidiyaların ödənilməsi prosesi davam etdiriləcək.
Xələf Xələfov
Əli Əkbər
APA TV