Doğulan qızların sayı niyə azalıb?
“Cinsi seleksiya halları getdikcə daha da artır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı"nın müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, bu qədər işlərə, qanunvericilik sahəsində buna qarşı atılan addımlara baxmayaraq bu proses gedir: “Bu, gələcək üçün ciddi təhdidlər yaradır. Artıq 100 qıza 115 oğlan düşür. Bu mövzuya xüsusi diqqət ayırmalıyıq. İkincisi, uzun illər övlad sahibi ola bilməyən qadınlar var. Onlar ailə daxilində psixi, məişət zorakılığa məruz qalırlar. Süni mayalanma əməliyyatları icbari tibbi sığortaya daxil deyil, çox pul tələb edir. Səhiyyə Nazirliyinə müraciət edirəm. Qardaş Türkiyədə dövlət süni mayalanma ilə bağlı 2 dəfə şans verir, 3-cü dəfə vəsaitin yarısı dövlət tərəfindən qarşılanır. Bizdə də bu məsələlərə baxılmalıdır”.