Dolğu etdirənlər, DİQQƏT! Həm cibiniz, həm canınız zərər görər – APA TV
Bakıda dodağına və alnına dolğu vurduran qadın problemlə üzləşib.
Əməliyyatdan sonra sifətində xoşagəlməz vəziyyət yarandığını deyən paytaxt sakini 1984-cü il təvəllüdlü xanım hüquq-mühafizə orqanlarına müraciət edib.
O, fevralın 19-da Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən kosmetoloji mərkəzdə dodaq və alın nahiyəsinə dolğu vurdurduğunu, lakin az sonra üzündə problemlərin yarandığını deyib. Şikayətçi kosmetoloqun məsuliyyətə cəlb edilməsini tələb edib.
Dolğu proseduru son zamanlar trend olan kosmetoloji prosedurdur. Bundan razı olanlar da var, narazı olanlar da. Prosedurun problem yaradan hissəsi tətbiq olunduğu vaxtdan bir müddət sonra müəyyən deformasiyalar yaranması ilə bağlıdır.
Bəs üzə dolğu (prosedurunu) edərkən nələrə diqqət etməliyik? Kosmetoloq Vüsalə Rzayeva deyir ki, kosmetoloq seçərkən tibbi təhsilinin olduğunu müəyyən etmək lazımdır.
Kosmetoloq əlavə etdi ki, pasiyentdən mütləq anamnez toplanmalıdır. Çünki bəzən pasiyentin hansısa xəstəliyi olur, amma bunu həkim soruşmur. Soruşmadıqda isə fəsadlar yarana bilər.
Qeyd edək ki, kosmetoloji prosedurları edən zaman diqqətli olmalı məqamlardan ən əsası həkim seçimidir. Zərər çəkməmək üçün 100 ölçüb, bir biçməlisiniz.
AYGÜN CARÇIYEVA,
HƏZRƏT BAYRAMLI,
XƏYAL İSKƏNDƏROV,
APA TV