Dörd dostun dördü də Vətən Müharibəsində şəhid oldu - REPORTAJ

Dörd dost , dörd ürək, dörd yoldaşıq biz,

birdir arzumuz istəklərimiz.

Ayrılmaz dostlarıq biz,

Tükənməzdir qüvvəmiz,

Qarşımızda baş əyir

Mavi-dalğalı dəniz.

 

Bu dörd dostun da qarşısında uca dağlar və mənfur düşmənlər baş əydi...

 

İqbal, İsrayil, Səbuhi və Əkbər... Tale onları hərbi xidmətdə ən çətin anlarda qarşılaşdırdı. Birgə danışdılar, birgə güldülər. Birgə döyüşüb, elə birgə də şəhid oldular. Bu gün sizə bu dörd dostdan biri, şəhid Əkbər Hüseynovun qısa, amma şərəfli həyat yolundan danışacağıq.

 

Anası Tahirə Hüseynova deyir ki, oğlu dörd əsgər yoldaşı ilə Ballıqayada dostlaşıblar: “Oradan gəldilər Mingəçevirdə də bir yerdə əsgərlik çəkdilər. Elə müharibəyə də bir yerdə gediblər. İqballa Əkbər bir yerdə eyni vaxtda qəlpə yarasından şəhid oldu. Daha sonra İsrayil gəlib Əkbərin adı yazılan yazını götürüb taxıb üstünə, deyib, qardaşlarım, sizin qisasınızı alacam. Heyif ki, dördünün də qismətinə şəhidlik yazıldı”.

 

Torpağa bax, şəhid anası, itkin ordadır! Oğlun bu torpağı canından çox sevdiyi üçün oraya üz tutdu, oranı beşik seçdi özünə. Şəhid Əkbər Hüseynovun da Vətən sevgisi bu torpaqdan başlamışdı. Axı qəhrəmanlıq ana qucağından, evdən, ailədən, ocaqdan başlayır. Vətən, torpaq sevgisi ailədə aşılanır insana. Süddən, qandan, gendən gəlir...

 

2001-ci il iyunun 11-də paytaxtın Bakıxanov qəsəbəsində dünyaya göz açmışdı Əkbər Hüseynov. 252 saylı tam orta məktəbində təhsil alır. 2019-cu il iyun ayının 11-də 18 yaşı tamam olan Əkbər 4 gün sonra iyunun 15-də ailəsi ilə halallaşıb həqiqi hərbi xidmətə yola düşür. Tərxis olunmağına iki ay qalmış Vətən Müharibəsi başlayır. Elə həmin gün - sentyabrın 27-də Əkbər Hüseynov Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərə qatılır. Anası Tahirə xanım deyir ki, tez-tez doğmaları ilə danışan Əkbər sentyabrın 16-da bacısının ad günündə təbrik üçün zəng edərkən ondan narahat olmamağı, əsgərliyinin qaydasında olduğunu deyir. Sentyabrın 23-də isə Əkbərdən gələn zəng onun son zəngi olur.

 

Atası Bahadur Hüseynovun sözlərinə görə, oğlu döyüşə getdiyini onlara deyib: “Bizə deməmişdi ki, döyüşə gedir. Heç bilmədik necə getdi, harada oldu. Ölümündən sonra komandirlərindən öyrəndik keçdiyi döyüş yolunu”.

 

Əkbərin anası Tahirə xanım deyir ki, oğlu şəhid olanda hiss edib: “Səhər saat 10-a işləmişdi, mənə bir istilik gəldi. Çox narahat oldum. Allah həmin anda elə bil Əkbəri mənim yadıma saldı. Bəlkə də elə həmin vaxt Əkbər şəhid olub, mən onu hiss etdim. Həmin vaxt bəlkə də “ana” deyib çağırıb. Mən onu hiss elədim. Əkbərin yaxın dostları zəng edib “bibi” deyəndə səslərindən başa düşdüm ki, Əkbərə nəsə olub. O yolu necə gəldim, mən özüm də bilmirəm”.

 

Atası Bahadur kişi deyir ki, oğlunun şəhid olma xəbərini ilk olaraq babasıgilə xəbər veriblər: “Həmin vaxt mənim telefonum xarab idi. Zəng ediblər babasıgilə. Oradan da böyük qardaşı Elminə. Deyiblər ki, gedirik icranın nümayəndələri ilə bərabər Yevlax rayonuna. Mən həyətə gəldim, gördüm həyət dolu adamdır. Onda bildim ki, Əkbərim şəhid olub”.

 

Qardaşı Elmin Hüseynov isə həmin günü belə xatırlayır: “Biz getdik Yevlaxa. Orda Əkbərin uzanmış şəhid şəkilini mənə göstərdilər. Təsdiqlədim ki, bəli, mənim qardaşım Əkbər Hüseynovdur, ondan sonra götürüb gəldik Bakıya evə. Qardaş arxa, dayaqdır. Qardaşın varsa, heç vaxt sənin belin yerə gəlməz. Mən onunla fəxr etmişəm. Bu gün məni bu həyatda tək qoyub getməyi belimi bükdü”.

 

Valideynləri Əkbərin uşaqlığını xatırlayırlar, bir anlıq üzlərində təbəssüm oyanır. Bu təbəssüm Əkbərin şəkillərdən boylanan gülüşünə cavabdır. Anası Tahirə xanım deyir ki, Əkbər hər zaman gülərüzlüyü, xeyirxahlığı ilə seçilərdi. Böyüklə böyük, kiçiklə kiçik kimi davranardı. 

 

Anası Əkbərin çox mehriban olduğunu deyir: “O qədər mehriban idi. Kaş ki bir dəfə qəlbimə dəyərdi. Zəng vuranda ilk sözü “qadan alım, ana, necəsən?” Düz dörd aydır o sözü deyən yoxdur mənə”.

 

Qardaşı Elmin isə Əkbərin həm də gülərüz olduğunu bildirir: “Mən bir az insanlarla danışmağı sevmirəm. Amma qardaşım Əkbər elə deyildi. O, şən, gülərüz, hər kəsin sevimlisi idi”.

 

Atasının sözlərinə görə, Əkbər hər çətinliyin öhdəsindən gəlməyi bacarırmış: “Elə bilirdim ona həyatda heç nə olmaz. Əkbər bütün çətinliyin öhdəsindən gələrdi. Heç inanmazdım ki, şəhid xəbərini alaram. 19 yaş yaşamağına baxmayaraq, elə bil ki, bir 50 il yaşamışdı. Qeyri-adi xasiyyəti vardı. Vətənpərvər, qohumcanlı övlad idi”.

 

Əslən Füzuli rayonundan olan Bahadur dayının indi bir arzusu var: “Doğulub böyüdüyüm Füzulini yenidən görməyin illərlə həsrətini çəkmişəm. Bu gün mənə desələr ki, səni Füzuliyə, yoxsa Tərtərə Əkbərin şəhid olduğu Talış kəndinə aparaq, o zaman heç tərəddüd etmədən Talış kəndini seçərdim. Əkbərdən sonra o yerlər mənim müqəddəs ziyarətgahımdır. Çox istərdim gedim Əkbərin döyüşdüyü yerləri görüm. Qaldığı yerə, yurda baxım. Mütləq gedib öyrənəcəm görüm Əkbər hansı şəraitdə, hansı yerdə şəhid olub. Çox istəyirəm biləm”.

 

Şəhid əsgər Əkbər Hüseynov Suraxanı rayonunda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

İlahə Vəliyeva

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv
Apa.tv