Dörd kəndin 30 ildir davam edən qaz problemi

Saatlı rayonunun Nəsimi, Smada, Soltanabad və Mircəlal kənd sakinləri təbii qazın yoxluğundan şikayətlənirlər.

APA TV xəbər verir ki, kənd sakinləri evlərini isitmək üçün müxtəlif yollara əl atırlar. Qazın olmaması səbəbindən hər ailə qış mövsümündə 500-1000 manat arası odun tədarükünə pul xərcləyir. Həmçinin həyat üçün təhlükəli olan sıxılmış qaz balonlarından da istifadə etmək məcburiyyətində qalırlar.

Kənd sakini Dünyamin Fərəcova deyir ki, 30 ildir ki, 3 km-likdə qaz xətti dayanıb: “1993-cü ildə qaz çəkilib, 1 ay verilib dayanıb, bütün kəndlərə verilib, bu 4 kəndlərə - Mircəlal, Nəsimikənd, Soltanabad, Sımada kəndlərinə verilməyib. Bizim kəndlər bax bu gündədir qaz yoxdur. Bir dənə meyvə ağacı qalmayıb. Meyvə ağacların kəsib qışa hazırlıq görürük. Uşaqlar, körpələr ölür soyuqdan”.

Cəlil Abasov deyir ki, qızınmaq üçün həyətdəki meyvə ağaclarını kəsmək məcburiyyətində qalırlar: “Bizim bu ata evimizdir, ağaclarımız hamısı kəsilib. Getdikcə kəndimiz səhraya oxşayacaq. Odundan istifadə edirik, budur da, yaşıllıq məhv olub. Yandırırıq. Hamısı məhv olub, ağaclarımız. 300 metrlikdən keçir qaz kəməri, ağızı möhürlənib bağlanıb”.

Kənd sakinləri bu ərazilərə çəkiləcək qaz xətləri üçün lazım olan vəsaitin bir hissəsini özləri ödəməyə də razıdırlar. Deyirlər təki 30 ildir çəkdiyimiz bu əziyyət bitsin. Çünki hər gecikən günə, aya, ilə görə yaşıllıqları məhv etmək məcburiyyətində qalırlar. Bundan başqa, maddi cəhətdən də olduqca ziyana düşürlər.

40 ildir ki, kənddə yaşayan Elşad Həşimov da şikayətçidir: “Gördüyünüz bu qaz kəmərindən 93-cü ildə bir-iki ay qaz gəldi, sonra yığışdırıldı. 30 ildən artıqdır bu zülmü yaşayırıq. Bununla bağlı aidiyyəti orqanlara, “Azəriqaz”ın rəhbəri Ruslan Əliyevə, Saatlı Rayon İcra Hakimiyyətinə, lazım olan instansiyalara müraciət etmişik ki, bu kəmərin altında 4 kənd var ki, 11 mindən artıq əhali bu gün bu zülmü çəkir. Səbəbi kəndlərdə qazın olmamasıdır”.

Məsələyə münasibət bildirən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev isə yeni ildə də bu kəndlərə qazın çəkilməyəcəyini deyir: ““Azəriqaz” İstehsalat Birliyi Azərbaycanın bütün bölgələrində qazlaşma prosesini sürətlə davam etdirir. Təbii ki, bu proses mərhələli şəkildə davam etdirilir. Yəni plana uyğun şəkildə “Azəriqaz”ın daxili imkanları hesabına həyata keçirilən bu qazlaşma prosesi indi 50-yə yaxın yaşayış massivini əhatə edir. Hazırda deməli 2022-ci ildə qazlaşacaq ərazilərin planı hazırlanır. Məlumat üçün deyim ki, Saatlı rayonunun Naharlı kəndinin 2022-ci ildə qazlaşması nəzərdə tutulur. Amma sizin dediyiniz sözügedən kəndlərin  qazlaşma prosesi 2022-ci ildə nəzərdə tutulmayıb. Böyük ehtimalla bu kəndlərin qazlaşması 2023-cü ilin planına daxil ediləcək”.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev isə deyir ki, hazırkı vaxta qədər 900-ə yaxın yaşayış massivi var ki, qazlaşdırılmayıb: “Yaxın illərdə 500 yaşayış massivinin qazlaşdırılması gözlənilir. Amma digər 400 yaşayış massivinin isə qazlaşdırılması müəyyən zaman ala bilər. Çünki iqtisadi cəhətdən sərfəli deyil. Alternativ yanacaqla bağlı da bu yol xəritəsində qeyd edilib. Bununla Energetika nazirliyi məşğuldur. Yəni qazlaşma iqtisadi tərəfdən mümkünü olmadığı üçün digər alternativ yanacaqla təminatı nəzərdə tutulub”.

Görünən odur ki, sakinlər hələ bir müddət də gözləməyə məcburdurlar. İnanırıq ki, ən qısa zamanda bu 4 kəndin sakinləri mavi yanacaqdan istifadə edə biləcəklər.

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv