Dörd yaşlı Xədicə gözlərini açdı – GƏNCƏDƏ HƏLAK OLAN AİLƏDƏN BİRCƏ O SAĞ QALIB

Oktyabrın 17-də erməni vandalları tərəfindən Gəncədə törədilən terror nəticəsində valideynlərini itirən körpələrdən biri də 4 yaşlı Xədicədir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, düşmən təxribatı nəticəsində Xədicə, 29 yaşlı atası Röyal Şahbazlını, 26 yaşlı anası Züleyxanı və yaş yarımlıq bacısı Mədinəni itirib.

 

Dağıntılar altında qalan Xədicə isə möcüzə nəticəsində sağ qalıb. Azyaşlı hadisə baş verən gecə uçqunların altından çıxarılaraq Gəncədə yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib.

 

İlk günlər onun səhhətində narahatlıq olsa da, həkimlərin səyi nəticəsində azyaşlının  vəziyyəti yaxşılaşıb. Bu gün isə Xədicə gözlərini nənə və xalasının yanında açıb.

 

Xədicənin nənəsi Sevin Ağayeva deyir ki, nəvəsi möcüzə nəticəsində sağ qalıb: “Güllə dəysin ermənilərin gözünə. Mən necə göz yaşı tökürəmsə, erməni də elə göz yaşı töksün. Mən üç gündür balamı torpağa tapşırmışam. Bir nəvəm yadigar qaldı bizə, bir nəvəm”.

 

Hazırda Xədicə ana babası, nənəsi və xalasının himayəsindədir. Əməkdaşlarımız azyaşlının babasının yaşadığı Samux rayonun Seyidlər kəndində olub:

 

Xalası Mahizər Nəzərova həlak olan ailə üzvlərinin qanlarının yerdə qalmayacağına inandığını deyir: “Biz Prezidentimizə arxalanırıq. Yalvarıram Allaha, üzümü tuturam Prezidentimizə - bacımın, yeznəmin, onun körpə balasının qanı yerdə qalmasın. Biz necə yanıb-yaxılırıqsa, onlar da elə yanıb-yapışsın. Üç gündür ki, bacımın balasının gözü açılmırdı. Bu gün, şükür Allahın qismətidir, onun möcüzəsidir, bacımın balasının gözləri açılıb. Şükür”.

 

Xədicənin babası Nizami Ağayev isə mülki insanları hədəf seçməyin canilik olduğunu bildirir: “Qızım, kürəkənim, nəvəm şəhid oldular. Ermənilərin atdığı raket bunların eyvanına düşüb. Allah istəyib ki, uşağın biri sağ qalıb. İnsanların yatdığı yerdə raket atmaq müharibə deyil artıq. Bu qətliamdır. Belə müharibə olmur”.

 

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Gəncəyə atdığı raket zərbəsi nəticəsində 14 nəfər həlak olub, 50-dən artıq mülki şəxs yaralanıb.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv