DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində nələr öyrədiləcək?

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda yaradılan, geniş, çoxşaxəli fəaliyyət sahələrini əhatə edən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub.

 

APA TV-nin məlumatına görə, Mərkəzdə 5 yaşdan yuxarı şəxslərin qəbul ediləcəyi, eyni vaxtda 100-dək şəxsə müxtəlif peşələrin öyrədiləcəyi, 60 işçinin, 20 DOST könüllüsünün çalışacağı bildirilib.

 

Xalçaçılıq və toxuma studiyasında olarkən qeyd edilib ki, burada Azərbaycan xalçaçılıq sənəti, onun əsas 7 xalçaçılıq məktəbinin əsasları tədris ediləcək.

 

Jurnalistlər həmçinin floristika və landşaft studiyasında olublar.

 

Səsyazma və media, rəqs otaqları, musiqi studiyası ilə tanış olan KİV nümayəndələrinə otaq və studiyanın fəaliyyət profilləri barədə ətraflı məlumat verilib.

 

Mərkəzin 64 nəfərlik yeməkxanasında isə eyni zamanda əlilliyi olan şəxslərə milli və Avropa kulinariyası üzrə təlimlər, kulinariya yarmarkaları və s. təşkil ediləcək.

 

Media təmsilçiləri Mərkəzdə teatr quruluşları, müxtəlif musiqili konsert proqramları və s. üçün nəzərdə tutulan 121 yerlik, həmçinin ön hissədə əlil arabalarının yerləşdirilməsi üçün kiçik sahəsi olan auditorium, kitabxana ilə tanış ediliblər.

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv