Dostunun qanlı köynəyini geyinib qisasını almağa yollandı - REPORTAJ
Vətən Müharibəsi. Başqa adı ilə, bundan sonra gələn nəsillərin unutmayacağı İkinci Qarabağ savaşı. O savaş ki, 30 illik həsrətə son qoyduq. O savaş ki, 30 ildən sonra qanı axan yaramızı sarıya bildik.
Müharibə şəhidsiz olmaz deyirlər. Şəhidlərimiz də oldu. Bundan sonra hər birimizin borcunu ödəyə bilməyəcəyimiz şəhidlər. Qanları ilə, canları ilə bizə zəfəri daddıran şəhidlər. 20 yaşlı İsrayıl Cəfərzadə kimi.
Vətən Müharibəsində qəhrəmanlıq dastanı yazanlardan idi İsrayıl Cəfərzadə. O, həm də yaddaşlarda cəsur kəşfiyyatçı, igid əsgər, sadiq dost olaraq qaldı.
APA TV-nin xəbərinə görə, 2000-ci ilin sentyabrın 30-da Bakının Sabunçu rayonunda anadan olan İsrayıl əslən Ağsu rayonundan olub. 2007-2015-ci illərdə Sabunçu rayon 148 nömrəli məktəbdə təhsil alır. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsilini davam etdirir.
Atası Namiq Cəfərov deyir ki, uşaqlıqdan İsrayılın əlbəyaxa döyüş növlərinə həvəsi olub. Sonralar bu həvəs onu sərbəst güləş idman növü ilə peşəkar məşğul olmağına gətirib çıxarır. Rayonlar arası keçirilən yarışlarda 1-ci, 2-ci və 3-cü yerləri tutaraq, müxtəlif diplomlar və medallarla təltif olunur.
Təhsilini bitirdikdən sonra 2019-cu il iyul ayının 2-də İsrayıl həqiqi hərbi xidmətə yollanır. Hərbi xidmətini əvvəl Ballıqayada, daha sonra Mingəçevirdə yerləşən N saylı hərbi hissədə keçir. Xidmət zamanı da fəallığına görə müxtəlif məzmunlu fəxri fərmanlar və təşəkkürnamələrlə təltif olunan İsrayıl 2020-ci il may ayının 28-i çavuş rütbəsi alır: “Müharibə başlamışdan 3 dost - İqbal, Əkbər və İsrayıl təkidlə cəbhə bölgəsinə göndərilmələrini xahiş edirlər. Sentyabrın 25-də onları döyüş bölgəsinə gətirirlər. Sentyabrın 27-də Əkbər, İqbal və komandirləri döyüşdə şəhid olurlar. O zaman İsrayıl söz verir ki, sizin qanınızı yerdə qoymayacam”.
Dostlardan biri olan şəhid Əkbər Hüseynovun həyat yolu barəsində ötən süjetimizdə söhbət açmışdıq. Əkbərin və İqbalın ölümündən təsirlənən İsrayıl o zaman Əkbərin qanlı köynəyini və adı yazılan hərbi formasını geyinib, dostlarının intiqamını almaq üçün şərəfli bir yola çıxır:
Atası Namiq Cəfərov deyir ki, sentyabrın 30-na kimi İsrayıldan xəbər ala bilməyiblər: “30-da İsrayılın 20 yaşı tamam olurdu. Həmin gün çox gözlədik zəngini. Günortadan sonra mənə tanımadığım nömrədən zəng gəldi, gördüm İsrayıldı. Onun həmişə bir sözü vardı. Telefonu götürən kimi deyirdi “papa salam”. O sözü eşidəndə ürəyim bir az rahatladı. Dedim mən işdəyəm ananla da danış. Döyüşdən bir neçə saatlığa onları aşağı gətirmişdilər, zəng edəndə dedim bala ürəyin nə istəyir yemək, paltar. Dedi ata hər şeyimiz var. Gələndə bircə anam peraşki bişirib göndərsin, bir də samovarı götürərsiniz, sizinlə görüşəndə samovar çayı içərik. Çox heyif ki, çatdırıb apara bilmədim”.
Bu gün şəhid övladının döyüş yolundan fəxrlə danışan Namiq dayı deyir ki, İsrayıl Tərtər, Talış kəndi və Ağdərə istiqamətində bir neçə önəmli postun işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. Eyni zamanda, Suqovuşanın, həmçinin, Füzulinin bir neçə kəndinin azad edilməsi uğrunda gedən ağır döyüşlər də İsrayılın həyat yoluna yazılıb. Bu döyüşlərdə İsrayıl bir neçə dəfə yaralansa da döyüşü dayandırmır. Atasının sözlərinə görə, 16 oktyabr 2020-ci ildə Suqovuşan kəndi istiqamətində gedən qızğın döyüşlər isə onun üçün son olur: “Ağdərə istiqamətində bir yüksəklik var, oranın alınması zamanı bunlar mühasirəyə düşürlər. Bu zaman belə qərara gəlirlər ki, bir nəfər dayanmadan atəş açsın, digər döyüşçülər mövqelərini dəyişsinlər. O zaman İsrayıl təkidlə bu işi öz öhdəsinə götürür. İsrayıl dayanmadan atəş açır, yoldaşları yerlərini dəyişirlər. Daha sonra onlar atəş açır İsrayıl mövqeyini dəyişmək istəyəndə snayperlə boğazından vurulur. Yüksəklikdən atıldığından güllə boğazından dəyir ürəyindən çıxır. Həmin vaxt Rəşad Ağayev adlı döyüşçümüz İsrayılı çıxarmaq istəyəndə onu da snayperlə vururlar. O da həmin yerdə şəhid olur”.
Anası Kəmalə xanım deyir ki, oğluna nə isə olduğunu öncədən hiss edib: “Evə gələnlər hamısı mənə təskinlik verdilər ki, yaralıdır, evə gətirirlər. Həmin vaxt elə hey deyirdim ki, yaralıdır heç nə olmaz, əsas odu sağdı. Atası arada dedi ki, İsrayıl şəhid olub. O sözü eşitmirdim. Bəlkə də qəbul etmək istəmirdim. Bir anlıq fikirləşirdim ki, əgər yaralıdırsa niyə xəstəxanaya aparmırlar evə gətirirlər. Bir də gələndə bildim ki, balam şəhid olub”.
Atası deyir ki, baş kəşfiyyatçı olan İsrayıl Cəfərzadə hərbi əməliyyatlar zamanı dəfələrlə yoldaşlarını döyüş meydanından çıxarıb: “Döyüş yoldaşları danışır ki, minalanmış ərazi olub, İsrayıl deyib ki, mən birinci keçəcəm, siz sonra ayaq izlərimlə gələrsiniz. Elə də edib. Həmin ərazidən döyüş yoldaşlarını sağ salamat çıxarıb. Mən onun etdiklərini eşitdikcə inanın oğlumla fəxr edirəm, qürur duyuram. Mən Vətənə torpağa belə bir oğul böyütmüşəm”.
Anası da oğlu ilə fəxr edir: “Əsgərlikdən qabaqda mən İsrayılla fəxr edirdim, indi də fəxr edirəm. Mən qəhrəman oğul böyütmüşəm. Yuxuma gəlib bir dəfə. Dedi ana ağlama mən çox gözəl yerdəyəm”.
İndi Cəfərovlar ailəsinin bir arzusu var. Şəhid İsrayıl Cəfərzadənin adını əbədiləşdirmək üçün yaşadığı küçəyə və təhsil aldığı məktəbə onun adının verilməsi.
Hazırda atası öz vəsaiti hesabına İsrayılın xatirə muzeyini tikdirir. Sentyabrın 30-da İsrayılın doğum günündə açılışı nəzərdə tutulan muzeydə şəhidin şəxsi əşyaları sərgilənəcək.
Qeyd edək ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunan Şəhid İsrayıl Cəfərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
İlahə Vəliyeva,
Əli Ələkbər,
APA TV