Dövlət başçısı paytaxtda növbəti DOST mərkəzinin açılışında iştirak edib

Dekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonu ərazisində 2 saylı DOST mərkəzinin açılışı olub.

 

APA TV-nin məlumatına görə, Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.

 

Prezident İlham Əliyev binadakı şəraitlə maraqlanıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Bu mərkəzi gün ərzində 250-300 vətəndaş ziyarət edə biləcək. Mərkəz Bakının Xəzər və Pirallahı rayonlarının əhalisinə xidmət edəcək. İl ərzində 70 mindən artıq vətəndaşa “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 132 xidmət göstəriləcək. Mərkəzdə 80 nəfər, “Gənc DOST” proqramı üzrə isə 40 könüllü fəaliyyət göstərəcək. Burada “Pensiya və sosial sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, “Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, “Əmək münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” də var. Beləliklə, bu mərkəz də vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən “bir pəncərə”yə müraciət edib və “bir pəncərə”dən faydalanmasına imkan verir.

 

Prezident İlham Əliyev DOST mərkəzinin bir qrup işçisi və “Gənc DOST” könüllüləri ilə görüşüb.

 

 

Dövlət başçısı gənclərlə xatirə şəkli çəkdirib.

Müəllif | Apa.Tv
Apa.tv