Dövlət Komissiyası: Döyüş bölgəsindən 314 Azərbaycan, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb
“Bu günədək döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb. Hazırda bu proses davam etdirilir”.
APA TV-nin xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, bu istiqamətdə işlər Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə həyata keçirilir: “Hazırda Azərbaycan Respublikasının beynəlxalq təşkilatların da qeydiyyata aldığı 3 vətəndaşı Ermənistanda əsir-girovluqda saxlanılır. Azərbaycan həmin vətəndaşlarının da azad edilərək qaytarılmasını Ermənistandan tələb edir”.
Eldar Səmədov qeyd edib ki, keçirilmiş bütün humanitar proseslərdə bütövlükdə 54 erməni azad edilib: “Onlardan 6 nəfəri 2020-ci il sentyabrın 27-dən əvvəl Azərbaycan ərazisində saxlanılmış şəxslərdir. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə qoyub getdikləri ağır xəstə olan 2 nəfər yaşlı erməni mülki şəxs Azərbaycan tərəfindən yerləşdirildikləri xəstəxanada aldıqları müalicəyə və həkimlərin hərtərəfli səylərinə baxmayaraq, vəfat etdikləri üçün meyitləri beynəlxalq təşkilatların vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib”.